SİYASƏT
Estoniyalı nazir: Azərbaycanı Cənubi Qafqazda strateji tərəfdaş kimi qəbul edirik


Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov bu ölkənin xarici işlər naziri Urmas Reinsalu ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, diplomat Azərbaycanın xarici işlər naziri cənab Ceyhun Bayramovun salamlarını və xoş arzularını Urmas Reinsaluya çatdırıb.
Bu görüşün iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinin qurulmasının yekunu ərəfəsində baş tutmasının rəmzi xarakter daşıdığını qeyd edən səfir bu il əlaqələrin daha da inkişaf etdiyini bildirib.
U.Reinsalu öz növbəsində səmimi salamlara görə təşəkkürünü ifadə edərək, eyni zamanda, onun da salamlarını nazir C.Bayramova çatdırmağı xahiş etdi. Nazir bu il ölkələrimiz arasında ikitərəfli münasibətlərin məhsuldar olduğunu və parlamentlərarası dostluq qrupunun aktiv fəaliyyətini xüsusi ilə vurğuladı.
Söhbət zamanı səfir A.Məhərrəmov 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan ərazilərində bütün infrastrukturun, milli-mədəni, tarixi və dini abidələrinin dağıdıldığını, bəzi şəhərlərin tamamilə yerlə-yeksan edildiyini vurğulayıb.
Bu il mayın 22-26-da Azərbaycanda rəsmi səfərdə olan Estoniya parlamentinin (Riigikogu) prezidenti Y.Ratasın Şuşanı ziyarət edərkən bu acınacaqlı faktlara özünün şahidlik etdiyi və bundan dəhşətə gəldiyi nazirin diqqətinə çatdırılıb.
İşğaldan azad edilmiş ərazilərimizin qısa zamanda bərpası, vaxtilə məcburi köçkün olmuş soydaşlarımızın tezliklə öz doğma yurdlarına qayıtmasına əsas maneə kimi həmin ərazilərdə çoxlu sayda minaların basdırılması təhlükəsinin mövcud olduğu xüsusi vurğulanıb.
Görüş çərçivəsində, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, bölgədə münasibətlərin normallaşdırılması və sülhün təmin olunması istiqamətində Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqlar, kommunikasiya xətlərinin açılması perspektivlərinə dair qarşı tərəfə məlumat verilib.
Sonra “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab U.Reinsaluya təqdim edilib. Otuz ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan ərazilərində bütün infrastrukturun, milli-mədəni, tarixi və dini abidələrinin dağıdılması, bəzi şəhərlərin tamamilə yerlə-yeksan olunması ilə bağlı fotoların yer aldığı kitab barədə ətraflı məlumat verilib.
Nazir U.Reinsalu verilən ətraflı məlumata görə təşəkkürünü bildirib, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini qeyd edib, Azərbaycanı Cənubi Qafqaz regionunda strateji tərəfdaş kimi qəbul etdiyini vurğulayıb. Bu xüsusda, U.Reinsalu ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətli rolunu xüsusi qeyd edib.
Sonda estoniyalı nazir ikitərəfli əlaqələrin inkişafında səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.