SİYASƏT
Estoniyanın xarici işlər naziri Azərbaycanın bu ölkədəki səfiri ilə görüşüb
Tallin, 20 aprel, AZƏRTAC
Azərbaycan-Estoniya diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Estoniyanın xarici işlər naziri xanım Eva Maria Liimets Azərbaycanın bu ölkədəki səfiri Anar Məhərrəmovla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşün əvvəlində xanım Eva Maria Liimets iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramova ünvanladığı təbrik məktubunu səfir A.Məhərrəmova təqdim edərək, öz səmimi salamlarını və xoş arzularını nazirə çatdırmağı xahiş edib.
Öz növbəsində, səfir A.Məhərrəmov bu əlamətdar hadisə ilə əlaqədar olaraq, Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov tərəfindən Estoniyanın xarici işlər naziri xanım Eva Maria Liimetsə ünvanlanmış təbrik məktubunu təqdim edərək, nazirin səmimi salamlarını və xoş arzularını xanım nazirə çatdırıb.
Daha sonra, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi çərçivəsində Azərbaycanın Estoniyadakı səfirliyinin təşəbbüsü ilə Estoniyanın Dövlət Poçt Xidməti (Omniva) tərəfindən çap edilmiş poçt markaları xatirə qismində xanım nazirə təqdim olunub.
Mövzunun davamı olaraq, səfir A.Məhərrəmov xanım nazirin ölkəmizə tezliklə səfərinin həyata keçiriləcəyinə ümidvar olduğunu ifadə edib.
Görüşdə, həmçinin ikitərəfli münasibətlər, Ukraynadakı hazırkı vəziyyət, Ermənistan və Azərbaycan arasında aparılan danışıqların son durumu barədə fikir mübadiləsi aparılıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin