DÜNYA


Estonlar dünyada ən qısqanc kitabsevərlərdir

Praqa, 15 oktyabr, AZƏRTAC

Estonlar dünyada ən qısqanc kitabsevərlərdir. Bu reytinqdə sonrakı iki yeri norveçlilər və isveçlilər tutur, çexlər isə dördüncü yerdədir.

AZƏRTAC xəbər verir ki, Avstraliya və Amerika universitetlərinin alimləri tərəfindən aparılmış sorğunun dərc edilmiş nəticələri belədir.

Ekspertlər bunu da aydınlaşdırıblar ki, insanın uşaqlıq və gənclik illərində onun evində olan kitabların sayı yetkinlik yaşında həmin insanın savadlılıq səviyyəsinə birbaşa təsir göstərir.

Britaniyada çıxan “The Guardian” qəzetinin yazdığına görə, tədqiqatda dünyanın 31 ölkəsindən 25-65 yaşlarında vətəndaşlar iştirak ediblər. Onlara belə bir sual verilib: sizin 16 yaşınız olanda evinizdə neçə kitab vardı? Alimlər bu nəticəyə gəliblər ki, məhz yetkinləşmə dövründə respondentləri əhatə edən ev kitabxanasının həcmi onların zehni qabiliyyətlərinin inkişafına, məsələn savadlılıq səviyyəsinə, riyazi biliklərinə və kompüterlə işləmək bacarığına müsbət təsir göstərir. Maraqlıdır ki, bu qabiliyyətlər yetkin yaşda oxunan kitabların sayından asılı deyil. Evdəki kitabların sayı insanın biliklərini gündəlik həyatda tətbiq etmək qabiliyyətinə müsbət təsir göstərir.

Estonlar bildiriblər ki, onların ev kitabxanasında orta hesabla 218 kitab olub. Bu halda estoniyalı respondentlərin 35 faizinin evində 350 və daha çox kitab olub. Norveçlilər öz şəxsi kitabxanasında təqribən 212, isveçlilər 210, çexlər isə təqribən 204 kitab olduğunu bildiriblər.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.