MƏDƏNİYYƏT
Esxilin “Zəncirlənmiş Prometey” əsəri əsasında müştərək tamaşa hazırlanacaq
Üçüncü Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində noyabrın 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Yunanıstan Milli Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
AZƏRTAC xəbər verir ki, müqaviləyə əsasən Azərbaycan və Yunanıstan teatrları arasında müştərək tamaşanın hazırlanması nəzərdə tutulub. Tamaşa qədim yunan dramaturqu Esxilin “Zəncirlənmiş Prometey” əsəri əsasında hazırlanacaq. Bu müştərək tamaşada hər iki teatrın yaradıcı heyətindən istifadə olunacaq.
Sənədi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov və Yunanıstan Milli Teatrının bədii rəhbəri Sotiris Çatzakis imzalayıblar.
İmzalanma mərasimindən sonra İsrafil İsrafilov qeyd edib ki, müştərək tamaşa bütövlükdə Azərbaycan və Yunanıstan teatrları arasında çox böyük, faydalı və perspektivli bir layihə olacaq.
Yunanıstan Milli Teatrının bədii rəhbəri Sotiris Çatzakis isə deyib ki, bu, Azərbaycan teatrı üçün uğurlu bir layihə, Yunanıstan teatrı üçün böyük bir nailiyyətdir. Bu ideyanın reallaşmasına görə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu layihənin müştərəkliyi istər işıqçılar, istər ssenari müəllifləri, istərsə də aktyor və aktrisa heyətinin iştirakında özünü göstərəcək.