HEYDƏR ƏLİYEV - 100


Etibar Hüseynova: Heydər Əliyevin əvəzsiz xidmətləri xalqımız tərəfindən heç zaman unudulmayacaq

Etibar Hüseynova: Heydər Əliyevin əvəzsiz xidmətləri xalqımız tərəfindən heç zaman unudulmayacaq

Bərdə, 3 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

O tarixi şəxsiyyət heç zaman unudulmur ki, adı xalqının müdrik xilaskarı, dövlətinin qurucusu və memarı kimi insanların xatirəsində daim uca tutulur. Ulu Öndər Heydər Əliyev belə şəxsiyyətlərdəndir. Heydər Əliyev həyatının mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən, ən çətin məqamlarda maneələrlə rastlaşsa da, ona sinə gərməyi bacaran, həyatı boyu xalqını düşünən Vətən fədaisidir. Heydər Əliyev xalqı, Vətəni üçün misilsiz işlər görüb. Ona görə də nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də yaşayacaq.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri Etibar Hüseynova deyib.

O bildirib ki, 1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev müdrik addımları ilə Azərbaycanı vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etdi. Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə ciddi siyasi, iqtisadi, sosial və idarəçilik problemləri ilə qarşılaşmışdı. Ermənistanın hərbi təcavüzü, iqtisadi tənəzzül, hüquqi qeyri-müəyyənlik, siyasi təlatümlər, zorakılıqlarla müşayiət olunan hakimiyyət hərisliyi cəmiyyəti idarəolunmaz vəziyyətə gətirmişdi. Bütövlükdə isə bu problemlər milli təhlükəsizliyi və müstəqilliyin özünün mövcudluğunu ciddi təhdid edəcək səviyyəyə qalxmışdı. Təsadüfi deyil ki, Azərbaycanın müasir müstəqillik tarixinin araşdırıcıları da 1991-1993-cü illəri əhatə edən həmin dövrü anarxiyanın, böhranın dərinləşdiyi, dövlətin parçalanma, millətin isə məhvolma təhlükəsi ilə qarşı-qarşıya qaldığı dövr kimi qiymətləndirirlər. Belə bir vəziyyətdə xalqı, ölkəni təhlükələrdən, problemlərdən yalnız Heydər Əliyev xilas edə bilərdi. Xalqın ümidi yalnız ona idi...

Etibar Hüseynova Ulu Öndər Heydər Əliyevlə görüşdüyü anları həmişə qürurla xatırladığını bildirib: “1998-ci ildə prezident seçkilərində Heydər Əliyevin Bərdə rayonu üzrə səlahiyyətli nümayəndəsi idim. Elə o zaman bərdəlilərin bu böyük insana sonsuz sevgisinin bir daha şahidi oldum. Elə bir insana rast gəlmədim ki, xalqın ümid yeri olan dahi şəxsiyyət üçün imza vermək istəməsin. Seçkilər ərəfəsində Heydər Əliyev özü Bərdəyə gəldi. Onun əhali ilə görüşü bir neçə saat çəkdi. O bir neçə saat ərzində bu böyük insanla yanaşı dayanmaq mənim üzərimə böyük məsuliyyət qoyurdu. Sevdiyim, böyük ehtiram göstərdiyim Heydər Əliyev haqqında indi də danışdıqca özümü dünyanın ən xoşbəxt insanı sanıram”.

“Xalqımızın Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi Azərbaycanı yeni-yeni uğurlara və qələbələrə apardı. Bu uğurların içərisində ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsidir. Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində 30 il işğal altında qalan torpaqlarımızı düşməndən azad etdi. Bununla da Ulu Öndərin ən böyük arzuları gerçəkləşdi. Qəlbimizdə əbədi yaşayan Heydər Əliyevin əvəzsiz xidmətləri xalqımız tərəfindən heç zaman unudulmayacaq”, - deyə Etibar Hüseynova vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.