CƏMİYYƏT
Etibar Mirzəyev: Azərbaycanın göndərdiyi helikopterlər Marmarisdə yanğınların söndürülməsinə başlayıb
Marmaris, 2 avqust, AZƏRTAC
Azərbaycanın göndərdiyi helikopterlər Türkiyənin Marmaris bölgəsindəki yanğınların söndürülməsinə başlayıb.
Bunu Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yanğınların davam etdiyi Marmaris vilayətinin Turqut bölgəsində AZƏRTAC-ın müxbirinə açıqlamasında deyib.
Nazir müavini əminliklə bildirib ki, Fövqəladə Hallar Nazirliyinin peşəkar və təcrübəli əməkdaşları təhkim olunduqları bölgələrdə yanğınların söndürülməsi işində qısa vaxtda əhəmiyyətli dönüş yaradacaqlar.
Qeyd edək ki, general-leytenant Etibar Mirzəyev Marmarisdə yanğınla mübarizə üzrə böhran məntəqəsində olub. Türkiyə Meşəçilik İdarəsinin bölgə müdiri Yalçın Yarpaq ilə keçirilən görüşdə yanğına qarşı mübarizə və bərpa işləri barədə müzakirələr aparılıb. Sonra birlikdə əraziyə baxış keçirilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. İyulun 31-də isə FHN-in daha bir yanğın-xilasetmə qrupu qardaş ölkəyə yola salınıb. İkinci qrupa 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedici daxildir. Bu qrup artıq Türkiyə ərazisinə daxil olub və hazırda yanğınların baş verdiyi bölgəyə çatmaq üzrədir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Marmaris