DÜNYA
“Etihad Airways” aviaşirkəti biletlərin pulunu səyahətdən sonra ödəməyi təklif edir
Abu-Dabi, 21 sentyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Etihad Airways” aviaşirkəti yeni təklifini açıqlayıb. BƏƏ-nin “Gulf News” nəşri yazır ki, təklifə görə, sərnişinlər biletlərin pulunu uçuşdan sonra hissə-hissə ödəyə bilərlər. Bu da onlara öz büdcələrini planlaşdırmaq imkanı verir.
AZƏRTAC xəbər verir ki, bu təklifdən öz reyslərini bilavasitə aviaşirkətin veb-saytında sifariş verən BƏƏ, Səudiyyə Ərəbistanı və Misir sakinləri istifadə edə bilərlər.
“Etihad Airways” “PayFord” ödəmə servisi ilə tərəfdaşlığı sayəsində tam avtomatlaşdırılmış nisyə onlayn-ödəmə sistemi təklif edən ilk aviadaşıyıcıdır.
Şirkət hesab edir ki, nisyə ödəmə, həmçinin biznes-klas və Premium-klasla səyahət etməyin ən yaxşı üsuludur. Pulun hissə-hissə ödənilməsi qaydası müştərinin bankından asılıdır. Məbləğ bu sistemin iştirakçısı olan 17 bankın köməyi ilə 3 aydan 60 ayadək müddət ərzində ödənilə bilər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi