MƏDƏNİYYƏT
“Etihad Airways” aviaşirkəti unikal aksiyanın müddətini uzadır
Bakı, 20 may, Emil Eyyubov, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli aviadaşıyıcısı olan “Etihad Airways” aviaşirkəti “Əbu-Dabidə pulsuz dayanacaq” adlı kampaniyasının fəaliyyət göstərdiyi ilk ay ərzində bu təklifin populyarlıq qazanması səbəbindən onun müddətinin ilin sonunadək uzadılmasını elan edib. “Etihad Airways”ın BƏƏ-nin paytaxtı Əbu-Dabidən keçən marşrutu ilə hərəkət edən qonaqlarına şəhərin otellərindən birində iki gecə pulsuz qalmaq və çoxsaylı görməli yerləri ziyarət etmək təklif olunur.
“Etihad Airways” şirkətin müxtəlif istiqamətlərə Əbu-Dabi tranziti ilə uçan marşrut şəbəkələrinə biletlərə sahib olan bütün qonaqlara şəhərin otellərində iki pulsuz gecə qalmağı təklif edir. Qonaqlara şəhər hüdudlarında yerləşən bir sıra otellərdə, o cümlədən beşulduzlu “Jumeirah at Etihad Towers”, “Intercontinental Abu Dhabi” və “Dusit Thani Abu Dhabi”, həmçinin “Pearl Rotana”, “Courtyard by Marriott WTC”, “Crowne Plaza” və “Radisson Blu” otellərindən birində qalmaq təklif olunur.
Əbu-Dabidə pulsuz dayanacaq dekabrın 1-dək “etihad.com” saytında onlayn və ya turizm agenti vasitəsilə bronlamalarda mümkündür. Səyahət 2019-cu ilin dekabrın 31-dək həyata keçirilə bilər.
“Etihad Aviation Group” şirkətinin kommersiya direktoru Robin Kamark deyib: “Biz çox şadıq ki, “Əbu-Dabidə dayanacaq” təklifimiz qonaqlar arasında belə populyar olub və fəaliyyətinin birinci ayında gözləntilərimizi üstələyib. Qeyri-adi aksiya bizim gözəl şəhərimizi dünyanın hər yerindən gələn çoxsaylı ziyarətçilərə göstərmək fürsəti verir. Qonaqlara Əmirliyin çoxsaylı görməli yerlərində olmaq, həmçinin yolüstü dayanacaqda dincəlmək və güclərini bərpa etmək imkanı təklif ediləcək”.
Əbu-Dabinin qonaqları bu şəhərin mədəni xüsusiyyətlərini tədqiq etmək, memarlıq incilərini seyr etmək, dünya səviyyəli tematik parklara, heyranedici çimərliklərə baş çəkmək, həmçinin səhra mənzərələrindən zövq almaq fürsəti qazanacaqlar. Şəhər həm təkbaşına, həm də qoşa və ya ailəvi səyahət edənlərin xoşuna gələcək. Bu, yolüstü istirahət üçün ideal istiqamətdir.
Əbu-Dabi ziyarətçiləri şəhərin mədəni şedevrlərini və memarlıq incilərini, o cümlədən Şeyx Zayed Məscidini, Luvr Əbu-Dabi Muzeyini, bu yaxınlarda açılmış Qəsr Əl-Vətən Prezident Sarayını seyr edə bilərlər. Təbiəti sevən turistlər isə Ərəbistan səhrasının mənzərəli qum təpələrində gəzintiyə çıxacaq, Əbu-Dabi adasının gözəl, təmiz çimərliklərinin sakitliyindən həzz alacaqlar. Şəhərdəki tematik parklar, o cümlədən Amerika “təpəcik”lərinin olduğu “Ferrari World”, həmçinin “Yas Waterworld” və “Warner Bros. World Abu Dhabi” parklarının attraksionları macəra həvəskarlarının xoşuna gələcək.
Safariyə unudulmaz səfərlər, dünya səviyyəli qolf meydançaları, yerli və dünya mətbəxinə aid restoranların əla seçimi – Əbu-Dabi hər zövqə uyğun məşğuliyyət və əyləncə təklif edir.
Əbu-Dabidə dayanmağın üstünlüyü təkcə yolüstü daha bir şəhəri ziyarət etmək fürsəti deyil. Dayanacaq digər saat enliyinə keçməyin öhdəsindən gəlməyə və mənzil başına yüksək əhval-ruhiyyə ilə və dincəlmiş vəziyyətdə çatmağa yardımçı olacaq.
Bileti onlayn bronlama zamanı “mürəkkəb marşrut” seçmək vacibdir və bronlama təsdiq olunandan sonra siz dayanacağın bronlanması səhifəsinə təkrar yönləndiriləcəksiniz. Bundan sonra qonaqlara bu təklifin həyata keçirilməsi ilə məşğul olan tərəfdaşlarından biri vasitəsilə otel seçmək imkanı yaradılır.
“Etihad Airways” aviaşirkətinin minik talonunu (“Extraordinary Abu Dhabi Pass”) təqdim etməklə Əbu-Dabinin qonaqları şəhərin görməli yerlərinə, restoranlara, kafelərə, SPA-salonlarına, çimərlik və mağazalarına endirim fürsətlərindən istifadə edə bilərlər.