Etilen istehsalını 210 min tonadək çatdırmaq məqsədilə qurğuların sınaqdan keçirilməsi nəzərdə tutulub
AzerTAg.az
Sumqayıt, 13 may, Ətrabə Rzayeva, AZƏRTAC
Modernizasiya nəticəsində Etilen-polietilen zavodunda propilen istehsalı 60-65 min tondan 187 min tonadək, etilen istehsalı isə 110 min tondan 190 min tonadək yüksəlib. Yaxın vaxtda etilen istehsalını 210 min tonadək çatdırmaq məqsədilə qurğuların sınaqdan keçirilməsi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu sözləri SOCAR “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun baş mühəndisinin müavini Samir Səlimli media nümayəndələrinə acıqlamasında bildirib.
O, modernizasiya layihəsinin əsas məqsədlərindən birinin Sumqayıt Kimya Sənaye Parkında inşa olunmuş yeni “SOCAR Polymer” kompleksinin zavodlarını dayanıqlı rejimdə və tələb olunan miqdarda etilen, propilen, saf hidrogen və enerji daşıyıcıları ilə təmin etmək olduğunu vurğulayıb.
Qeyd edək ki, “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda genişmiqyaslı modernizasiya və yenidənqurma layihəsinin əsas mərhələsi uğurla başa çatıb.

Xəbərin mətnində orfoqrafik səhv var