İQTİSADİYYAT


“Etilen-polietilen” zavodundakı təmir və modernləşdirmə işləri sentyabrda yekunlaşacaq

Bakı, 18 avqust, AZƏRTAC 

“Etilen-polietilen” zavodunda aparılan əsaslı təmir və modernləşdirmə işləri gələn ay tamamlanacaq.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 17-də şirkətin prezidenti Rövnəq Abdullayev Sumqayıtda “Azərikimya” İB-nin “Etilen-polietilen” zavodunda aparılan əsaslı təmir və modernləşdirmə işlərinin gedişi ilə maraqlanıb.

SOCAR-ın prezidentinə məlumat verilib ki, avqustun 10-dan zavodda əsaslı təmir işlərinə başlanılıb və bu işlər 20 sentyabr Neftçilərin Peşə Bayramı günü ərəfəsində yekunlaşdırılacaq. 40 gün davam edəcək əsaslı təmir zamanı icra olunacaq tədbirlər planı şirkətin prezidentinə təqdim olunub, görüləcək işlərin təsnifatı müzakirə edilib.

Bildirilib ki, “Etilen-polietilen” zavodunda “TECHNIP ITALY S.p.A.” şirkəti tərəfindən icrasına start verilib və 2019-cu ilə qədər mərhələli şəkildə həyata keçiriləcək layihələr çərçivəsində mövcud texnoloji qurğular modernləşdiriləcək, yeni qurğular və yardımçı sahələr inşa olunacaq, bununla da müəssisənin istehsal gücü artırılacaq, “SOCAR Polymer” layihəsi çərçivəsində Sumqayıt Kimya Sənaye parkında tikilən polipropilen və polietilen qurğuları xammal ilə təmin ediləcək, nəticə etibarilə də ölkənin bu məhsullara tələbatı ödəniləcək, ixrac potensialı gücləndiriləcək.

Eyni zamanda, texnoloji prosesin stabil və təhlükəsiz istismarının gücləndirilməsi, xammal və hazır məhsulların keyfiyyətinin yüksəldilməsi təmin olunacaq. Kimyaçılarla görüşüb söhbət edən R.Abdullayev həyata keçirilən əsaslı təmir və modernləşdirmə işlərinin əhəmiyyətini vurğulayaraq, onlara uğurlar arzulayıb.

Sonra SOCAR-ın prezidenti şirkətin balansında olan “Kimyaçı” Mədəniyyət Sarayına gələrək, burada aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub, tapşırıq və tövsiyələrini verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.