ELM VƏ TƏHSİL
Etnik münaqişələr zamanı uşaq hüquqlarının müdafiəsi Dağlıq Qarabağ münaqişəsi müstəvisində
Bakı, 22 may, AZƏRTAC
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin böyük elmi işçisi Esmira Orucovanın “Hüquqi müstəvi” elmi-nəzəri, təcrübi jurnalında “Etnik münaqişələr zamanı uşaq hüquqlarının müdafiəsi Dağlıq Qarabağ münaqişəsi müstəvisində” məqaləsi dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalənin əsas tədqiqat predmetini dünyanın müxtəlif ərazilərində baş verən etnik münaqişələr və bu münaqişələr zamanı pozulan uşaq hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq hüquq normalarının araşdırılması təşkil edir. Məqalədə göstərilən faktoloji materiallara əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində işğal olunmuş ərazilərin sakinləri – günahsız müharibə qurbanı olan, qəbul olunan beynəlxalq hüquq normalarına zidd olaraq, işgəncələrə, qeyri-insani rəftara, təhqirlərə məruz qalmış uşaqların hüquqlarının müdafiəsi ilə bağlı hüquqi təfsirlərin verilməsinə cəhd göstərilib.
Məqalədə, həmçinin silahlı münaqişələr zamanı uşaq hüquqlarının müdafiəsi sahəsində dövlətlərin öhdəlikləri və əməkdaşlıqları, beynəlxalq hüququn qarşısında duran ən aktual problemlərdən bəhs edilir.