REGİONLAR
“Eurasia Review” qəzetində “Naxçıvan: Azərbaycanın arxeoloji təməl daşı” başlıqlı məqalə dərc edilib
Naxçıvan, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 17-də amerikalı jurnalist və diplomat Peter Teysin “Eurasia Review” qəzetində “Naxçıvan: Azərbaycanın arxeoloji təməl daşı” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC-ın Naxçıvan bürosunun verdiyi məlumata görə, həmin məqalənin birinci hissəsində Peter Teys yazıb ki, 2014-cü ilin sentyabr ayında Avropa Şurasının keçmiş baş katibi, tanınmış avstriyalı diplomat Walter Schwimmer ilə Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Naxçıvan şəhərində olduğu müddətdə Avrasiya məkanında nadir memarlıq abidəsi olan Yusif Küseyiroğlu və Qarabağlar türbələrini ziyarət edib.
Müəllif qeyd edib ki, Yusif Küseyiroğlu türbəsi Naxçıvan şəhərində memarlıq abidəsidir. Bu abidə Xiyabani prospektində yerləşir və xalq tərəfindən Atababa türbəsi və ya Atababa günbəzi olaraq tanınır. Memarlıq şah əsəri səkkiz əsr bundan əvvəl tikilib, XX əsrin əvvəllərində müəyyən bərpa işləri aparılıb, mühəndis qurğuları gücləndirilib. Bu nadir türbə yeraltı sərdabədən və yerüstü qülləvarı hissədən ibarətdir. Planda abidənin yerüstü hissəsi daxildən və xaricdən səkkizbucaqlı şəklindədir. Türbənin səkkizbucaqlı prizmatik gövdəsi xaricdən piramidaşəkilli, daxildən isə tavan çatma tağşəkilli sferik günbəzlə örtülüb. Türbədə ikiqat günbəz quruluşunun ən görkəmli, bizim zəmanəmizə qədər əvvəlki şəklini mühafizə etmiş və indiyə qədər gəlib çatmış yeganə bir nümunəsini görürük. Yüksək mühəndis həllinin nəticəsidir ki, Yusif Küseyiroğlu türbəsi Azərbaycanın qülləvarı türbələri içərisində üst piramidal örtüyü 800 ildən artıq bir müddətdə salamat qalan yeganə abidədir. Türbənin üzərindəki kitabədə bildirilir ki, “Bu türbə xacə, sanlı rəis, dinin zəkası, İslamın camalı, şeyxlər başçısı Yusif Küseyir oğlunundur”. Həmin kitabədə türbənin hicri 557-ci ilin şəvval ayı (miladi 1162) tikildiyi göstərilir. Əsas fasaddan sol tərəfdəki kitabədə isə “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir” şəklində türbənin memarının adı qeyd olunub. Türbənin səthlərindən yuxarı hissə qurşaq şəklində ayrılıb və burada kitabə yerləşdirilib. Qurşaqda kufi xətlə “Qurani-Kərim”dən ayələr yazılıb.
Müəllif yazıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu əzəmətli abidənin və onun kitabələrinin qorunub saxlanmasına xüsusi diqqət yetirib, mühüm əhəmiyyətə malik olan xüsusi memarlıq şah əsərini qorumaq üçün vəsait ayrılıb. Ali Məclis Sədrinin rəhbərliyi altında Yusif Küseyiroğlu türbəsi - böyük şah əsər də bərpa olunub.
Naxçıvanın dünya mədəniyyətinin bir xəzinəsi olduğunu vurğulayan Peter Teys qeyd edib ki, bu diyardakı tarixi abidələr beynəlxalq səviyyədə tədqiq edilməli və daimi olaraq təbliğ olunması vacib olan memarlıq xüsusiyyətlərinə malikdir. O yazıb: “Doğma, qədim Naxçıvan, həqiqətən, beynəlxalq diqqətə layiq incidir”.
Məqalə ilə daha ətraflı bu linkdən tanış olmaq mümkündür: https://www.eurasiareview.com/17092020-nakhchivan-azerbaijans-bedrock-of-archaeology-oped/ .