REGİONLAR
“Eurasiaticanews” portalının rəhbərinin bloq saytına Naxçıvanla bağlı məqalə yerləşdirilib
Naxçıvan, 22 may, AZƏRTAC
İtaliyanın turizmlə bağlı nüfuzlu bloq saytında naxçıvanlı jurnalist Sara Əzimovanın “Kiçik Avropa: Naxçıvan” sərlövhəli məqaləsi yayımlanıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, məqalə “Eurasiaticanews” portalının rəhbəri, jurnalist Karlo Marino tərəfindən yerləşdirilib.
Müəllif məqalədə əvvəlcə 2020-ci ilin İtaliyada “Azərbaycan ili” elan olunması və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası haqqında italiyalı oxuculara məlumat verib. Qeyd edib ki, “Nuh peyğəmbərin yurdu”, “Şərqə açılan qapı”, “Kiçik Avropa” adlandırılan Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Naxçıvan ibtidai icma, antik, orta əsrlər və yeni dövr tarixinin maddi-mədəniyyət nümunələri ilə zəngin bir diyardır. Onlar arasında ilk insan məskənləri olan mağaralar, ən qədim yaşayış məskənləri, ilkin şəhərlərin qalıqları və möhtəşəm qalalar var. Bu gün qədimliyi ilə yanaşı, dünyada bənzəri olmayan abidələrin çoxluğu ilə də tanınan Naxçıvan turistləri özünə cəlb edir. Hazırda muxtar respublikada 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. 1200-dən çox tarix-mədəniyyət abidəsi var. Muxtar respublikada 20-dən çox mehmanxana və mehmanxanatipli müəssisə, Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincə qalası, Naxçıvan-Ordubad, Naxçıvan-Batabat, Naxçıvan-Gülüstan turizm marşrutları fəaliyyət göstərir. Burada qədim dövrlərin yadigarı olan tarixi-memarlıq abidələri - Möminə Xatun, Yusif Küseyir oğlu, Gülüstan türbələri, Qarabağlar Memarlıq Kompleksi, həmçinin təbiət abidələri - əsrlərdən bəri qorunub saxlanılan, yaşı 800 ildən artıq olan Şərq çinarı, narbənd, tut ağacları və tarixi yaddaşı özündə əks etdirən qədim insanların ilk məskunlaşdığı Gəmiqaya abidəsi, Kilit mağarası, Qazma mağarası, bu yerlərin əzəmətinin, məğlubedilməzliyinin simvolu olan Əlincə qalası, möhtəşəmliyi ilə seçilən Haçadağ, Babək qalası, Göy-göl, Əshabi-Kəhf və yüzlərlə sənət əsərləri, ərazidə 250-dən çox mineral və müalicəvi əhəmiyyətli su mənbələrinin mövcudluğu onun güclü turizm potensialını əks etdirir.
Müəllif onu da vurğulayıb ki, ilbəil Naxçıvana gələn turistlərin sayı artır. Ona görə ki, bu diyarda turistlər üçün ən vacib olan inkişaf və sabitlik mövcuddur. Bura “Planetin cinayətsiz regionu” adlandırılır. Aidiyyəti dövlət orqanları turistlərin gediş-gəlişi zamanı rəsmiləşdirmə qaydalarına düzgün riayət edir, turistlərə heç bir maneə yaradılmır. Naxçıvana gələn turistlər içərisində İran, Türkiyə, Rusiya, Çin, Nigeriya, Almaniya, Amerika Birləşmiş Ştatları, Suriya, Braziliya, Kanada, İndoneziya, Yaponiya, İsveç, Cənubi Koreya və başqa ölkələrdən olanlar üstünlük təşkil edir. Onlar Naxçıvan torpağında dünyada bənzəri olmayan bir çox tarixi abidələrlə tanış olurlar.
Həmin abidələrdən bir neçəsi haqqında oxuculara ətraflı məlumat verən müəllif təbii şəfa mənbəyi olan Duzdağ Fizioterapiya Mərkəzinin müasir dövr reallıqlarında insanlar üçün əhəmiyyətini artdığını vurğulayıb. Çünki bu məkanda ağciyər xəstəliklərindən əziyyət çəkənlərin təbii yolla müalicəsi mümkündür.