MƏDƏNİYYƏT
“Euronews” Bakıdakı sərgidən bəhs edib VİDEO
Roma, 29 noyabr, AZƏRTAC
“Euronews” televiziya kanalının İtaliya bölməsinin saytında Azərbaycanın Müasir İncəsənət Muzeyində rəssam və heykəltəraş Hüseyn Haqverdinin heykəltəraşlıq və qrafika əsərlərindən ibarət “Daş” fərdi sərgisinin açılışı ilə bağlı reportaj yerləşdirilib. Reportajda bildirilir ki, dekabrın 1-dək davam edəcək sərgidə rəssamın 45 heykəltəraşlıq əsəri təqdim olunur. Bu əsərlər Azərbaycanın müxtəlif bölgələrindən toplanmış daşlardan hazırlanıb. H.Haqverdinin əsərləri hazırda müasir bir şəhərə çevrilən Bakının nə dərəcədə qədim olduğunu nümayiş etdirir.
Reportajda ali klassik rəssamlıq təhsilinə və çoxillik təcrübəyə malik məşhur Azərbaycan heykəltəraşı Hüseyn Haqverdinin sözlərinə yer verilib: “Daş simvolu ümumiyyətlə Azərbaycanda, xüsusilə Abşeron yarımadasında bir çox tikililərin, memarlıq nümunələrinin baza rolunu oynayır”.
Jurnalist reportajında “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi, Müasir İncəsənət Muzeyinin kuratorial direktoru Aida Mahmudovanın fikirlərinə də yer verib: “Azərbaycan sənətkarlarının əksəriyyəti üçün əsas mövzu zəngin mədəniyyətimizdir. Onların yaradıcılığında bütün mədəniyyətlərin qarışdığı qloballaşan dünyada mədəni dəyərlərimizi qorumaq və nümayiş etdirmək ön plandadır”.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma