QAN YADDAŞI
“Euronews” Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakıda gənclərin yürüşü haqqında reportaj yayımlayıb VİDEO
Bakı, 27 fevral, AZƏRTAC
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar keçirilən tədbirlər dünyanın bir sıra nüfuzlu KİV-nin diqqət mərkəzində olub. “Euronews” telekanalı Xocalı soyqırımının 23-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən gənclərin yürüşü haqqında reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, reportajda əllərində Azərbaycan bayraqları tutan minlərlə gəncin Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Ana fəryadı” abidəsini ziyarət etmələrinin görüntüləri əksini tapıb. Bildirilir ki, yürüş Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, bəşəriyyətə qarşı törədilən bu qanlı cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə təşkil olunub.
Diqqətə çatdırılıb ki, gənclər “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Qarabağ bizimdir” “Rədd olsun erməni faşizmi!” və digər şüarlar səsləndiriblər. Xocalıda törədilən soyqırımının XX əsrin ən dəhşətli faciəsi olduğu qeyd edilib, ən müasir silahlarla yaraqlanmış erməni hərbçilərinin müdhiş gecədə heç kimə aman verməyərək yüzlərlə xocalılını qətlə yetirdikləri bildirilib.
Qeyd olunub ki, soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun xüsusi xidmətləri var. Bütövlükdə Azərbaycan gəncliyinin bu yürüşünü Xocalı soyqırımı ilə bağlı aparılan genişmiqyaslı işin kulminasiya nöqtəsi hesab etmək olar. Bu yürüş həm də Azərbaycan gəncliyinin sıx birliyini, onun öz şəhidlərinin xatirəsinə ehtiramını, işğal altındakı torpaqların azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini göstərir.
Reportajın sonunda yürüş iştirakçıları tərəfindən faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq 613 şarın havaya buraxıldığı nümayiş etdirilib.