CƏMİYYƏT
“Euronews” telekanalı “Açıqcalar” silsiləsinin ilk buraxılışını Azərbaycana həsr edib VİDEO
Bakı, 27 may, AZƏRTAC
“Euronews” telekanalı yeni yaratdığı “Açıqcalar” silsiləsinin ilk buraxılışına odlar yurdu Azərbaycandan başlayıb. Rubrika müasir Azərbaycanın simvoluna çevrilən Alov Qüllələrinə həsr olunub.
“Azərbaycandan açıqca: Bakının Alov Qüllələri”. Bizim yeni silsiləmiz “Açıqcalar”, səmaya yüksələn heyranedici binaları olan Azərbaycanın paytaxtından başlayır”. “Euronews”un müxbiri Simus Kerni kanalın yeni rubrikasını məhz bu sözlərlə təqdim edir. O, Avropa tamaşaçısının diqqətinə çatdırır ki, Alov Qüllələri Bakı şəhərinin ən hündür binalarıdır. Bu 3 qüllə Bakı buxtası və İçərişəhərdən aydın görünür.
Müəllif məlumat verir ki, qüllələrin adı və dizaynı ölkənin tarixi ilə bağlıdır: yerdən çıxan təbii qazın alovlandığı Odlar Yurdu. Simus Kerni bildirir ki, 2013-cü ildə açılışı olan Alov Qüllələri otel, mənzil, ofislər üçün istifadə olunur və ən hündürü 38 mərtəbəlidir. Bu binalardan ətrafa heyranedici mənzərələr açılır. Günəş batan kimi 10 mindən artıq LED işıqlar binanın üzərində möhtəşəm şou nümayiş etdirir.