REGİONLAR
“Euronews” telekanalı “Açıqcalar” silsiləsinin növbəti buraxılışını Duzdağın sirlərinə həsr edib VİDEO
Bakı, 22 may, Pərvanə Rəhimova, AZƏRTAC
“Euronews” telekanalı “Açıqcalar” silsiləsinin növbəti buraxılışını Naxçıvan Muxtar Respublikasında yerləşən Duzdağ Fizioterapiya Mərkəzinə həsr edib.
AZƏRTAC xəbər verir ki, reportajın müəllifi Qalina Polonskaya Naxçıvan şəhərindən 14 kilometr məsafədə yerləşən və müalicəvi xüsusiyyətlərə malik Duzdağı təbiət möcüzəsi adlandırır.
Qeyd edilir ki, ta qədimdən, İpək yolu fəaliyyət göstərdiyi zamandan burada duz çıxarılıb. XX əsrdən isə Duzdağın tunellərində nəfəs orqanlarının xroniki xəstəlikləri, məsələn təngnəfəsliyə səbəb olan bronxial asma xəstəliyi müalicə olunur.
“Duzun qoxusu artıq girişdə hiss olunur, lakin müalicəvi effekt əldə etmək üçün burada ən azı beş saat qalmaq lazımdır. Speleoterapiya müalicə kursu iki həftəyə qədərdir. Yerli həkimlərin fikirlərinə əsasən, burada şəfa tapanların sayı çoxdur”, - bu sözləri materialın müəllifi Qalina Polonskaya deyir.
Duzdağ Fizioterapiya Mərkəzinin baş həkimi Zülfiyyə Həsənova bildirir ki, buranın təkcə bronxial xəstəliklərin müalicəsi baxımından deyil, həmçinin dəriyə də möcüzəvi təsirləri var.
Qalina Polonskaya Duzdağa girişin turistlər üçün sərbəst olduğunu vurğulayır.