REGİONLAR
“EuropeSPA” Naftalan otellərindəki müalicənin Avropa standartlarına uyğun olduğunu beynəlxalq sertifikatla təsdiqləyib
Naftalan, 19 aprel, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycanın dünyada məşhur turizm mərkəzlərindən olan Naftalanın “Çinar” və “Qaşaltı” otel, kurort-sanatoriya və istirahət mərkəzləri Tibbi SPA və sağlamlıq üzrə beynəlxalq keyfiyyət sistemi (The international Quality System for Medical Spa and Wellness) olan Avropanın “EuropeSPA” təşkilatının beynəlxalq sertifikatına layiq görülüb.
Bu layihə dövlətimizin başçısının imzaladığı Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin müvafiq bəndinin icrası çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin qeyd olunan təşkilata müraciəti əsasında reallaşıb.
Naftalan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hər iki sağlamlıq mərkəzinə müalicə məqsədilə istifadə edilən yod-brom tərkibli duzlu suya aid verilən beynəlxalq sertifikat həmin otellərdəki xidmətin Avropa standartlarına uyğun qurulduğunu rəsmi olaraq təsdiqləyir.
Sağlamlıq mərkəzlərinə təqdim edilmiş sertifikat 2020-ci il dekabrın 11-nə kimi etibarlıdır. Hər iki oteldə növbəti audit 2019-cu il iyunun 11-də aparılacaq.
Bu otellərin ötən il dünya üzrə bütün coğrafiyalardan xarici turist qəbul etdiyini deyən Naftalan Şəhər İcra Hakimiyyətinin informasiya təminatı və analitik təhlil sektorunun müdiri Ülfət Əliyev bildirib ki, sağlamlıq mərkəzlərində aparılan müalicənin beynəlxalq sertifikatla təsdiq edilməsi xarici turistlərin həmin mərkəzlərə müraciətlərini daha da artıracaq.
Ülfət Əliyev, həmçinin qeyd edib ki, şəhərdə fəaliyyət göstərən beşulduzlu otellər tərəfindən Naftalan nefti ilə müalicənin effektivliyi ilə bağlı beynəlxalq sertifikat almaq üçün müraciət edilib və müəyyən prosedurlar həyata keçirilib. Yaxın vaxtlarda aparılmış auditin nəticəsini əks etdirən sertifikat təqdim olunacaq.