MƏDƏNİYYƏT
“Eurovision-2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov birgünlük otel işçisi olmuşdur VİDEO
Bakı, 5 may (AZƏRTAC). “Eurovision-2011” mahnı müsabiqəsinin qalibi, müğənni Eldar Qasımov birgünlük otel işçisi vəzifəsini yerinə yetirmişdir.
AZƏRTAC-ın informasiya dəstəyi ilə Friday.az saytı və “Fairmont Baku” oteli tərəfindən reallaşdırılan “Celebrity on Duty” (“Məşhurlar iş başında”) layihəsi çərçivəsində Eldar Qasımov beşulduzlu oteldə bir gün ərzində restoran menecerinin köməkçisi olmuşdur. Onun vəzifəsinə xidmətə, qida və çərəzlərin müştərilərə düzgün təqdim edilməsinə nəzarət daxil idi.
Otelin əməkdaşı Günel Orduxanova bildirmişdir ki, layihədə iştirakçıların hazırlıq müddəti iki saata qədər azaldılmışdır. O qeyd etmişdir ki, adətən otelin yeni işçiləri bir həftə treninq keçirlər, işə başlamamışdan əvvəl onlara təlimatlar, otelin tarixi haqqında məlumat verilir və kiçik ekskursiya təşkil olunur.
Gün ərzində Eldar Qasımov iki restoranda yeni bacarıqlarını sınaqdan keçirmişdir. Müğənni sərbəst şəkildə iki kokteyl hazırlamış və qonaqlara xidmət göstərmişdir.
Oteldə bir günlük işdən sonra təəssüratlarını bölüşən Eldar Qasımov bu işin çox maraqlı və eyni zamanda məsuliyyətli olduğunu demişdir. O qeyd etmişdir ki, bu işdə daim gülərüz, müsbət əhval-ruhiyyədə olmaq lazımdır. Müğənni bu peşəni həqiqətən dəyərləndirməyə başladığını demişdir.
“İş günü”ndən sonra “Fairmont Baku” oteli Eldar Qasımova layihədə iştirak etməsi ilə əlaqədar “Günün işçisi” sertifikatını təqdim etmişdir.