CƏMİYYƏT
Ev sahibinə xəsarət yetirib pulunu aparan şəxslər tutulublar VİDEO
Bakı, 28 aprel, AZƏRTAC
Daxili işlər orqanları mülkiyyət və şəxsiyyət əleyhinə olan, xüsusən quldurluq cinayətlərinin qarşısının alınması və açılması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 26-da saat 4 radələrində Nəsimi rayonu ərazisində yaşayan Səyyad Cəbiyevin mənzilinə aldatma yolu ilə girən naməlum şəxslər onun başına dəmir parçası ilə xəsarət yetirərək, içərisində 200 manat pul və sənədlər olan pulqabısını aparıblar.
Nəsimi Rayon Polis İdarəsi və 19-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər - Bakı şəhər sakini Murad Səfərov, Tərtər rayon sakini Gülər Bəxtiyarzadə və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Salahov tutulublar.
Cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri – Murad Səfərov zərərçəkən şəxsin bacısının nəvəsidir. Hadisədən əvvəl M.Səfərov digər dəstə üzvlərinə qohumunun bir neçə gün əvvəl bağ evini satdığı və mənzildə külli miqdarda pulun olduğu barədə məlumat verib.
Mənzilin qapısını isə əvvəlcə özünü qonşu kimi təqdim edən Gülər Bəxtiyarzadə döyüb. Ahıl yaşlı kişi qapını açandan sonra digər dəstə üzvləri evə basqın ediblər.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb, araşdırmalar, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən şəxslərin digər analoji cinayətlərdə iştiraklarının olmasını da istisna etmir. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi Rayon Polis İdarəsinə müraciət edə bilərlər.