İQTİSADİYYAT
Ev təsərrüfatlarının tədqiqatında müasir texnologiyadan istifadə olunur
Bakı, 22 mart, AZƏRTAC
Dövlət Statistika Komitəsi (DSK) BMT-nin Uşaq Fondunun ekspert və metodoloji köməyi ilə məhrumiyyətlərə dair sorğunu müasir informasiya texnologiyalarını tətbiq etməklə həyata keçirib.
DSK-dan AZƏRTAC-a bildiriblər ki, statistik məlumatların yerlərdən real vaxt rejimində daha dolğun və operativ qəbul edilib hazırlanması üçün planşet tipli tablet kompyuterlərdən istifadə edilib. İnkişaf etmiş ölkələrin statistika qurumları arasında ilk təcrübələrdən sayılan bu texnoloji yeniliyin üstünlüyü məlumatların toplanmasında kağızdan istifadə olunmamasıdır. Statistik məlumatlar kompyuterlərdə yerləşdirilmiş cədvəllərə yazılaraq sensorlu ekran vasitəsilə yaddaşa köçürülüb və istənilən internet məkanında xüsusi proqram paketi vasitəsilə birbaşa komitənin server şəbəkəsinə ötürülüb. Səhvlərin buraxılması ehtimalını minimuma endirmək üçün tərtib olunmuş məntiqi nəzarət proqramı sorğunun dolğunluğunu təmin edib. Serverə daxil olan statistik məlumatlar daha sonra məlumat bazaları fayllarına çevrilərək işlənmə prosesinə qəbul edilir.
Cari ildə bu texnologiyanın mərhələlərlə ev təsərrüfatlarının tədqiqatında və qiymət müşahidəsinin aparılmasında tam tətbiqi nəzərdə tutulur.