CƏMİYYƏT
Ev tonometrlərinin 70 faizi düz işləmir
Bakı, 9 iyun, AZƏRTAC
Albert Universitetinin tibb üzrə dosenti Cennifer Rinqrouzun apardığı tədqiqatın nəticəsinə görə, məişət tonometrlərinin təxminən 70 faizi o dərəcədə qeyri-dəqiq göstərir ki, bu, səhhətlə bağlı böhranlı problemlər yarada bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “medportal”da yer alıb.
“Təzyiqlə bağlı problemlər dünyada ölümün və əlilliyin əsas səbəbidir”, - deyə Cennifer Rinqrouz bildirir. Onun fikrincə, təzyiqin diqqətli monitorinqi hipertoniyanın böhranlı fəsadlarını azaltmaq iqtidarındadır - lakin bu, təzyiqin dəqiq ölçülməsi zamanı mümkündür.
C.Rinqrouz həmkarları ilə birgə onlarca ev tonometrlərini sınaqdan keçirib. Məlum olub ki, ev tonometrlərinin 70 faizində ölçmə zamanı xəta 5 mm civə sütunu, 30 faizində isə 10 mm civə sütunu təşkil edib. Həkimlər tez-tez pasiyentlərin onlara dedikləri ev tonometrinin göstəricilərinə əsaslanır və klinikada qəbul vaxtı təzyiqi bir dəfə ölçməklə kifayətlənirlər. Bu cür qeyri-dəqiqlik nəticəsində xəstəliyin ciddiliyi əhəmiyyətli dərəcədə qiymətləndirilməyə bilər.
Bundan başqa, həkimlər və pasiyentlər nəzərə almalıdırlar ki, ev tonometri ilə təzyiqin ölçülməsində qeyri-dəqiqlik təkcə cihazın xətası deyil, həm də digər amillər, məsələn, əlin və bədənin tərpənməsi nəticəsində yaranan titrəyiş, manjetin düzgün bağlanmaması, pasiyentin ağır çəkisi, emosional durumu, hətta təzyiq ölçülərkən danışması ilə bağlı ola bilər.
Cennifer Rinqrouzun tədqiqatının həmmüəllifi, Albert Universitetinin tibb professoru Rac Padval xüsusilə vurğulayıb ki, həkimlər təzyiqi bir və ya iki dəfə ölçməklə dərman təyin etməməlidirlər.
Ev tonometri ilə təzyiqölçmənin xətasını aradan qaldırmaq üçün bəzi qaydalara əməl etmək lazımdır:
Heç vaxt əlinizi havada saxlamaqla təzyiqinizi ölçməyin.
Təzyiqi sakit vəziyyətdə ölçməyə çalışın. Ölçmə zamanı danışmayın və tərpənməyin.
Cihazın manjetini ürək səviyyəsində yerləşdirmək lazımdır. Əgər manjet ürəkdən aşağıda olarsa, təzyiq olduğundan yüksək göstərəcək.
Manjeti paltarın çırmanmış qolunun üstündən qoymaq olmaz, parça damarları sıxa bilər və nəticəni dəyişdirər.
Manjeti öz bədən quruluşunuza uyğun seçin: manjetin eni qolun qucumunun təxminən 40 faizi (12-14 sm), manjetin pnevmokamerasının uzunluğu isə qoldan 80 faizdən az (təxminən 18-26 sm) olmamalıdır. Qısa və həddən artıq uzun manjetlər cihazın göstərməsini xeyli dəyişir.
İmkan daxilində ildə bir dəfə tonometrinizi yoxlayın, onun göstərdiyi nəticə ilə kliniki yoxlanmış cihazın nəticəsini tutuşdurun. Bundan başqa, tonometri metroloji laboratoriyada da yoxlatmaq imkanı var.
Ölçmənin dəqiqliyini artırmaq üçün bir neçə dəfə ölçmək tövsiyə olunur. Bu ölçmələr arasında vaxt 7-10 dəqiqədən az olmamamlıdır. Bu müddət ölçmədən sonra damarların elastikliyini bərpa etməsinə imkan yaradır.