CƏMİYYƏT
Evdə ilkin tibbi yardım üçün lazım olan dərmanlar mütləq olmalıdır
Bakı, 16 sentyabr, AZƏRTAC
Hər bir evdə “kiçik aptek” adlanan qutu və ya rəf olmalıdır. Əksər hallarda həmin qutuya müxtəlif xəstəliklərdən müalicə alandan sonra qalan preparatlar yığılır və lazım gələndə onların istifadə müddətinin bitdiyi aşkara çıxır.
Evdə saxlanılması zəruri olan dərman vasitələri barədə məlumat verən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov deyib: “Qutu və rəflərdə ilkin tibbi yardım üçün lazım olan sarğı materiallarının olmağı məsləhətdir. İlk növbədə onların sırasına antiseptik məhlullar, qorxu, təşviş və həyəcan zamanı, eləcə də müxtəlif mənşəli sıxıntı ilə üzləşərkən istifadə edilən dərman preparatları aiddir”.
Onun verdiyi məsləhətə görə, dərmanları evdə uşaqların əlləri çatmayan yerdə saxlamaq, bəzilərini isə soyuducuya qoymaq lazımdır. Altı aydan bir onların saxlanma müddətini ötüb keçib-keçmədiyini də yoxlamaq lazımdır.
“Dərman preparatlarının həkim təyinatı ilə olması daha düzgündür, çünki hər bir orqanizm fərqli olduğu üçün ona uyğun dərman preparatları olmalıdır. Bununla yanaşı evdə ilkin tibbi yardım üçün lazım olan dərmanlar mütləq olmalıdır”,- deyə həkim-terapevt əlavə edib.