CƏMİYYƏT
“Evdə qal: gələcəyini qur” mövzusunda onlayn tədbir keçiriləcək
Bakı, 23 may, AZƏRTAC
“AIESEC Azərbaycan” beynəlxalq tələbə gənclər təşkilatı iyunun 4-7-də “Evdə qal: gələcəyini qur” karantin dövrünə uyğun olaraq onlayn tədbir keçirəcək.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, hazırda sürətlə yayılan COVID-19 virusu ilə əlaqədar kütləvi təcrid olunma həyata keçirilir. Mövcud vəziyyəti nəzərə alaraq, təşkilat gənclərin maarifləndirilməsi və potensiyalarının təşviq edilməsi məqsədi ilə ənənəvi “Gələcəyini qur” tədbirinin onlayn versiyasını həyata keçirməyi qərara alıb.
Müxtəlif sahələrdən 200 gəncin iştirak etməsi nəzərdə tutulan tədbirin əsas məqsədi pandemiya vəziyyətinə uyğun gələcəkdə yaşana biləcək uyğunlaşma problemi yaranması zamanı gənclərə dəstək olacaq seminarlar keçirməkdir. Bu seminarlar “Post-pandemiyada dünya”, “Karyera”, “Maliyyə”, “Sağlamlıq” kimi mövzuları əhatə edəcək.
Qeyd edək ki, “AIESEC” dünyanın 126 ölkəsində fəaliyyət göstərən və 34 mindən çox üzvü olan dünyanın ən böyük beynəlxalq tələbə gənclər təşkilatlarından biridir. Təşkilatın məqsədi beynəlxalq təcrübə proqramları vasitəsilə gənclərin liderlik, satış, marketinq, layihə idarəetməsi, maliyyə, insan resursları kimi bir çox sahədə olan bacarıqlarını üzə çıxarmaq və inkişaf etdirməkdir.