ELM VƏ TƏHSİL


“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

Bakı, 3 aprel, AZƏRTAC

Aprelin 5-də Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Evdə qalaq, evdə yaradaq!” onlayn respublika yaradıcılıq müsabiqəsinə start veriləcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, yaradıcılıq müsabiqəsi Bakı şəhəri və respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında onlayn qaydada keçiriləcək. Müsabiqənin əsas məqsədi ölkəmizdə yeni növ koronavirus infeksiyasına görə tətbiq edilən karantin rejimi ilə əlaqədar ev şəraitində uşaqların asudə vaxtının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə yaradıcılığını inkişaf etdirməsi, eləcə də istedadlı və perspektivli uşaqların üzə çıxarılmasından ibarətdir.

Dörd mərhələ üzrə keçiriləcək müsabiqədə 6-17 yaşlı dərnək üzvləri dörd nominasiya – “Bədii qiraət”, “Əl işi”, “İfa” və “Rəqs” istiqamətləri üzrə iştirak edə bilərlər.

Birinci mərhələdə şagirdlər ev şəraitində seçdiyi nominasiya üzrə öz yaradıcılığını videoya çəkərək təmsil olunduqları inkişaf mərkəzinin təşkilat komitəsinə göndərməlidir (5-12 aprel);

İkinci mərhələdə mərkəzlərin Təşkilat Komitəsi hər dörd nominasiya üzrə seçdikləri 3 qalib işin və ifaların videogörüntülərini 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin e-mail ünvanına ([email protected]) göndərəcək (13-20 aprel);

Üçüncü mərhələdə münsiflər heyəti tərəfindən hər nominasiya üzrə qaliblər seçiləcək (21-24 aprel);

Dördüncü - yekun mərhələdə hər nominasiya üzrə qaliblər elan olunacaq və qalib iştirakçıların videoları sosial şəbəkələrdə yerləşdiriləcək (25-28 aprel).

Müsabiqəyə qoşulmaqla uşaqlar “Evdə qalıb yaratmaqla koronavirusa birgə qalib gələk!” devizi altında birləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.