İQTİSADİYYAT
“Eventiada IPRA Golden World Awards 2019” müsabiqəsinə müraciətlərin qəbuluna başlanılıb
Bakı, 15 avqust, AZƏRTAC
Şərqi Avropanın kommunikasiyalar sahəsində ən böyük müsabiqəsi olan “Eventiada IPRA Golden World Awards” müsabiqəsinə müraciətlərin qəbuluna start verilib.
Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasından (APRA) AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirakla bağlı müraciətlər sentyabrın 30-dək qəbul olunur. 1990-cı ildən etibarən keçirilən müsabiqə Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası (IPRA) tərəfindən təşkil edilir.
“Azərbaycanlı mütəxəssislərin kommunikasiyalar sahəsində peşəkarlığını nümayiş etdirmənin effektiv yollarından biri də “Eventiada IPRA Golden World Awards” kimi nüfuzlu beynəlxalq müsabiqələrdə milli layihə və keyslərlə iştirak etməkdir. Bu müsabiqənin istənilən nominasiyasında qalibiyyət ölkəmizin peşəkar icması üçün ciddi bir hədiyyə olardı”, - deyə müsabiqənin beynəlxalq münsiflər heyətinin üzvü, APRA və “Baku School of PR” şirkətinin rəhbəri İlham Məmmədzadə vurğulayıb.
Ötən il sentyabrın 1-dən bu il sentyabrın 1-dək Rusiya, MDB, Avropa və Mərkəzi Asiya ölkələrində həyata keçirilmiş layihələr üzrə müraciətlər “www.eventiada.com” saytında rus və ingilis dillərində qəbul olunur. Bütün nominasiyalar üzrə layihələrə beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən baxılacaq. Əlavə olaraq, müsabiqə ərzində ali mükafat olan “Grand Prix”, eləcə də fərdi mükafatlar - “İlin adamı”, “İlin PR-rəhbəri” və “Peşəyə verdiyi töhfəyə görə” nominasiyalar öz sahiblərini tapacaq.
Builki müsabiqədə “Beynəlxalq standartlara uyğun gələn ən yaxşı layihə”, “Yeni alətlərin tətbiqi ilə ən yaxşı innovativ layihə”, “Ən yaxşı beynəlxalq layihə”, “KSM sahəsində ən yaxşı layihə” və sair nominasiyalarda layihələr qiymətləndiriləcək.
Müsabiqənin qrafikinə uyğun olaraq oktyabrın 1-dək müraciətlərin təqdim edilməsi ilə bağlı güzəştli tariflər, oktyabrın 6-dan 13-dək ekspertlər şurasının, oktyabrın 14-dən 18-dək münsiflər heyətinin, noyabrın 11-12-də Qran-Pri nominasiyası üzrə səsverməsi keçiriləcək.
Noyabrın 12-də Moskvada mükafatların təntənəli təqdimetmə mərasimi olacaq.
Müsabiqə haqda daha ətraflı məlumatı “www.eventiada.com” veb-səhifəsndən əldə etmək mümkündür.