SİYASƏT
Evi dağılan Tərtər sakini: Dinc sakinlərin evlərini hədəfə almaq erməni xislətini açıq-aydın göstərir FOTO VİDEO
Tərtər, 29 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu gün Tərtərin Borsunlu kənd sakini 1958-ci il təvəllüdlü Əfqan Piriyevə məxsus ferma düşmənin hədəfi olub. Ferma mərmi atəşinə tutulub.
Tərtər şəhər sakinləri Qorxmaz Həsənovun, Etibar Pirməmmədovun, Əkbər Kərimovun, Mehman Xəlilovun, Zəkiyyə Abdullayevanın, Elxan Məmmədovun, Arif Fərəcovun, Əskipara kənd sakini Kəmaləddin Qafarovun, Səhləbad kənd sakini Zahid İbrahimovun, Azad Qaraqoyunlu kənd sakini Güləbətin Məmmədovanın həyətlərinə də mərmi düşüb, evlərə ciddi ziyan dəyib.
Tərtər şəhər sakini Etibar Pirməmmədov AZƏRTAC-ın cəbhə bölgəsində olan müxbirinə bildirib ki, hadisə baş verən an xoşbəxtlikdən evdə heç kim olmayıb: “İşimlə əlaqədar şəhərə getmişdim. Evdə də heç kim yox idi. Qayıdanda gördüm ki, həyətə atılan mərmi evimizi yararsız hala salıb. Düşmənin bu təxribatı biz sakinləri qorxutmur. Əsgərlərimiz onların layiqli cavabını verir. Dinc sakinlərin evlərini hədəfə almaq erməni xislətini açıq-aydın göstərir. Biz ordumuza inanır və Ali Baş Komandanımızın ətrafında sıx birləşmişik. İnşallah düşməni tezliklə torpaqlarımızdan qovub çıxaracağıq”.
AZƏRTAC-ın fotoqrafı Roman İsmayılovun düşmənin hədəf aldığı yaşayış evlərindən çəkdiyi fotoları təqdim edirik.