CƏMİYYƏT


Exmeya işığı çox sevsə də, kölgədə də yaşaya bilir...

Bakı, 5 yanvar, AZƏRTAC

Yaraşıqlı və qeyri-adi dekorativ görünüşə malik exmeyanın yarpaqları birrəngli və ya rəngbərəng qıfşəkilli rozetdə toplanıb. Onun otaq şəraitinə uyğunlaşdırılmış növü zolaqlı exmeyadır və vətəni Braziliya hesab edilir.

AZƏRTAC xəbər verir ki, 170-dən artıq növü məlum olan exmeya Tibet, Mərkəzi və Cənubi Amerika ərazisində bitir. Otaq bitkisi kimi onun on növündən istifadə olunur.

Exmeya işığı çox sevir, lakin yarımkölgədə də yaşaya bilir, hətta düz düşən günəş şüaları ona o qədər də zərərli təsir göstərmir. Bitkini evin şərq və qərb pəncərələrində yerləşdirmək daha yaxşı olar. Yarpaqları qalın olan exmeya kölgəli və yüksək rütubətli yerdə yaşıllaşır, nəticədə onun dekorativliyi azalır. Yarpaqları nazik olan exmeya isə daha işıqlı yerlərə üstünlük verir. Onun bitdiyi yerdə az rütubət olmalıdır. Suvarılması cod olmayan, ilıq su ilə müntəzəm aparılmalıdır. Su əvvəlcə bitkinin rozetinə, daha sonra isə torpağa axıdılır.

Onu dərinliyi az olan qabda əkmək daha məqsədəuyğundur. Təzə əkilən bitkini 2-3 gün suvarmadan kölgəli yerdə saxlamaq lazımdır ki, kökləri tez bərpa olunsun. Onu toxum və yan zoğları ilə çoxaltmaq olar.

Exmeyanın evdə tez çiçəkləməsi üçün bitki bir-iki həftə almalarla birlikdə polietilen paketin içərisinə yerləşdirilir. Həmin müddətdə paketin ağzı sıx bağlanılmalıdır. Dörd aydan sonra exmeya gözəl çiçəklər açır.

Zolaqlı exmeya ilə isə bir qədər ehtiyatlı davranmaq lazımdır. Onun yarpaqları dəriyə toxunanda iltihaba səbəb olur. Həmçinin yarpaqlarını silmək onun üzərində olan gümüşü zolaqlarının pərdəciklərinin zədələnməsinə və bitkinin məhvinə səbəb ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.