DÜNYA
“Exxon Mobil” İraqın şərqindən əməkdaşlarını təxliyə etməyə başlayıb
Bakı, 18 may, AZƏRTAC
Amerikanın “Exxon Mobil” kompaniyası İraqın şərqində yerləşən Bəsrə əyalətindəki neft mədənlərində çalışan əməkdaşlarının təxliyəsinə başlayıb.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, təxliyə xarici ölkə vətəndaşlarına, həmçinin ikili vətəndaşlığı olan iraqlılara aiddir. Əməliyyatının iki gün əvvəl başladığı bildirilir. Bəsrədən çıxarılan insanların dəqiq sayı barədə məlumat verilmir.
Kompaniya vəziyyətlə bağlı şərh verməkdən yayınıb. Təxliyə barədə qərar İranla ABŞ arasında gərginliyin artması fonunda qəbul olunub.
Bir qədər əvvəl Amerika hakimiyyəti yaranmış vəziyyətdə Fars körfəzi rayonunda uçan sərnişin təyyarələrinin səhvən düşmən təyyarəsi kimi tanınma riski barədə xəbərdarlıq edib. Mayın 16-da isə ABŞ Dövlət Departamenti İraq üçün ən yüksək – dördüncü təhlükə səviyyəsi müəyyən edib və öz vətəndaşlarını terror, insan oğurluğu və silahlı münaqişə riski səbəbindən bu ölkəyə getməməyə çağırıb.