CƏMİYYƏT


Eynəyi formasına görə deyil, keyfiyyətinə görə seçmək lazımdır

Bakı, 21 avqust, AZƏRTAC 

Eynək çərçivəyə salınmış şüşə və şüşələrdən hazırlanmış bir vasitədir. Ondan müxtəlif məqsədlərlə-görmə pozğunluğunu aradan qaldırmaq və yaxşı görməni təmin etmək, xarici təsirlərdən müdafiə olunmaq, elektromaqnit şüalanmalarından qorunmaq və ya sadəcə aksesuar kimi istifadə edilir.

Yay fəsli gün eynəklərinin daha çox istifadə olunduğu dövrdür. Ona görə də gün eynəyi seçərkən və alarkən çox ehtiyatlı olmaq lazımdır. Təəssüf ki, çox vaxt eynək seçərkən onun hazırlandığı materiala və keyfiyyətə yox, formasına üstünlük verilir və belə seçimin nəticəsi olaraq sonradan gözdə və orqanizmdə müxtəlif fəsadlar yaranır. Hətta həkim məsləhəti olmadan alınan eynəklərdən uzun müddət istifadə edilməsi gözdə müəyyən xəstəliklərinin yaranma ehtimalını artırır.

AZƏRTAC xəbər verir ki, gün eynəkləri əsasən üç qrupa bölünür: kosmetik, gündən qoruyan adi və yüksək müdafiə qabiliyyətinə malik eynəklər.

Kosmetik eynəklər vizual funksiya daşıyır, imici nəzərə çarpdıran aksesuar rolunu oynayır. Onlar gözləri günəşdən qorumasa da, ziyan da vurmur. Adi gün eynəkləri orta iqlim qurşağının tələblərinə cavab verən gün eynəkləridir. Yüksək müdafiə qabiliyyətinə malik eynəklər isə ilk növbədə hündür dağlıq və qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir.

Gün eynəklərinin elə kateqoriyası var ki, xüsusi olaraq sürücülər, idmanın su və qış növləri ilə məşğul olanlar üçün nəzərdə tutulub. Bu, polyarlaşmış linzalı eynəklərdir. Onlar təkcə ultrabənövşəyi şüalar deyil, həm də islanmış yola, qar və suyun üzünə düşən işıq şəfəqlərini də neytrallaşdırır. Belə eynəklərdən həm dənizdə, həm də qarlı dağlarda istifadə etmək olar.

"Xameleonlar" adlanan fotoxromlu şüşə isə çox zərifdir. Onlar göz üçün rahatlıq və optimal müdafiə yaradaraq işıqlandırmadan asılı olaraq rəngləri dəyişirlər. Yüksək keyfiyyətli eynəklər qrupuna aid edilən "xameleonlar" həm güclü, həm də zəif dərəcədə tutqunlaşırlar.

Eynək seçərkən ən əsas prinsip müxtəlif modellər arasından ən rahat olanını seçməkdir. Gün eynəkləri almazdan əvvəl göz həkiminə müraciət etmək lazımdır. Görmə qabiliyyətində problemlər olanda həkim-oftalmoloqun məsləhəti düzgün dioptriyalı gün eynəyi seçməyə kömək edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.