REGİONLAR
Eyruz Məmmədov: Bu qanlı aksiyanın sifarişçiləri Kremldə əyləşmiş ermənipərəst qüvvələri idi
Sumqayıt, 28 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
32 il öncə – 1988-ci il fevral ayının 27–29–da Sumqayıtda baş vermiş iğtişaşlardan çox yazılsa da, olayların əsl mahiyyəti hələ də tam açılmayıb. Paytaxt şəhərin 30 kilometrliyində yerləşən Sumqayıt təsadüfən seçilməmişdi. Həmin ərəfədə Ermənistandan zorla çıxarılmış 41 mindən çox azərbaycanlının əksəriyyəti məhz Sumqayıta pənah gətirmiş və ermənilərin onlara qarşı törədikləri vəhşiliklərə görə qəzəb içərisində idilər. İndi artıq təsdiq olunub ki, o zaman şəhərdə cərəyan edən hadisələr SSR-i Dövlət Təhlükəsizliyi Komitəsinin dəstəyi ilə həyata keçirilib. Beləliklə, üç gün davam edən iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.
Sumqayıt hadisələrinin tədqiqatı ilə məşğul olan Əməkdar jurnalist Eyruz Məmmədov bu hadisələrin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərlə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi olduğunu bildirir.
Eyruz Məmmədov AZƏRTAC-a bu barədə danışarkən deyib: Bu qanlı aksiyanın sifarişçiləri Moskvada, Kremldə əyləşmiş ermənipərəst qüvvələri idi. Diqqətlə düşünülmüş və planlaşdırılmış təxribatın təşkilatçıları isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi, Ermənistanın xüsusi xidmət orqanları və “Daşnaksütyun” partiyasının millətçi qüvvələri idi. Belə ki, 1988-ci il fevral ayının ortalarında Sumqayıta SSRİ Dövlət Təhlükəsizlik Komitəsindən polkovnik Paponinin rəhbərliyi altında 30 nəfər əməkdaş ezam olunmuşdu. Yerli təhlükəsizlik komitəsi agenturasının verdiyi məlumatlara görə, yaxınlarda Sumqayıta erməni millətindən olan ekstremist qrupların gələcəyi və burada iğtişaşlar törədəcəyi gözlənilirdi. Odur ki, Moskvadan gəlmiş nümayəndələr yerli təhlükəsizlik komitəsinin əməkdaşlarına hadisələrə müdaxilə etməyi qəti qadağan etdilər. Sumqayıtda 32 nəfər qətlə yetiriləndən sonra onların hamısı təcili olaraq şəhəri tərk etdilər. Moskvaya qayıdan SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşlarının rütbələri artırıldı, vəzifələri yüksəldi. Hətta onlardan biri Boris Yeltsinin prezidentliyi dövründə baş nazir postuna yiyələndi.
Bununla da qənaətə gəldik ki, bu, Moskvanın, M.Qorbaçovun dediyi kimi bir qrup “xuliqan”ın yox, böyük siyasi qüvvələrin və kəşfiyyat orqanlarının işidir. Çünki azyaşlı uşaqlar iri sənaye şəhərində bu cür dəhşətli və qanla nəticələnən təxribat törədə bilməzdilər. Sifarişçiləri, təşkilatçıları və icraçıları tapmaq, onları ifşa etmək isə olduqca çətin bir missiya idi. Bilirsiniz ki, 1990-cı illərin əvvəllərində SSRİ kimi nəhəng bir ölkə dağılmaq üzrə idi. Hərc-mərclik baş alıb gedirdi. Dırnaqarası demokratların əksəriyyəti qərb dövlətlərinə casusluq edirdilər. Tez-tez xarici ölkələrə səfər edir, təlimatlar alır, maliyyələşirdilər. Belələrinə Boroviki, Afanasyevi, Nuykini, Starovoytovanı, Popovu və başqalarını misal göstərmək olar.
İndi artıq üstündən 32 il vaxt keçib. Sular durulur. Gerçəklər üzə çıxır, Azərbaycan həqiqətləri inamla dünyaya yayılır.