SİYASƏT
FƏLSƏFƏ VƏ SOSİAL-SİYASİ ELMLƏR ASSOSİASİYASININ KONFRANSI KEÇİRİLMİŞDİR
Azərbaycan Universitetində Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının geniş konfransı keçirilmişdir. Konfransın işində fəlsəfə və ictimai elmlər sahəsində çalışan tanınmış mütəxəssislər iştirak edirdilər.
Assosiasiyanın idarə heyətinin sədri professor Səlahəddin Xəlilov konfrans iştirakçılarını gündəliklə tanış etdi.
XX əsrin görkəmli Azərbaycan filosofu Heydər Hüseynovun anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbirlər planının hazırlanması, “Fəlsəfə və ictimai-siyasi elmlər” jurnalının strukturunun və redaksiya heyətinin müəyyənləşdirilməsi barədə ətraflı fikir mübadiləsi aparıldı.
Prezidentin İcra Aparatının rəhbəri, Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının prezidenti Ramiz Mehdiyev görkəmli alim, respublika Milli Elmlər Akademiyasının banilərindən biri, Azərbaycan fəlsəfə elminin inkişafında misilsiz xidmətləri olan akademik Heydər Hüseynovun ölkəmizdə ictimai-fəlsəfi fikrin formalaşmasında əvəzsiz rolundan bəhs etdi. Belə alimlərin təcrübəsinin respublikanın elmi ictimaiyyəti tərəfindən öyrənilməsinin vacibliyini vurğulayan natiq Heydər Hüseynovun yubileyinin yüksək səviyyədə keçiriləcəyini də vurğuladı.
Azərbaycanın çox mürəkkəb coğrafi-siyasi məkanda yerləşdiyini və çeşidli problemlərlə üzləşdiyini bildirən Ramiz Mehdiyev belə bir şəraitdə ölkə Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə milli dövlətçiliyin inkişafı və sosial problemlərin həlli istiqamətində böyük işlər görüldüyünü, habelə ictimai elmlər sahəsində tədqiqat işlərinin əlaqələndirilməsinin zəif olduğunu, bu məsələyə diqqətin artırılmasının zəruriliyini vurğuladı.
Konfransda çıxış edən fəlsəfə elmləri doktoru, professor Camal Mustafayev, MEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun direktor müavini, fəlsəfə elmləri namizədi İrşad Əliyev və başqaları görkəmli alim Heydər Hüseynovun elmi fəaliyyətindən bəhs etdilər. Qeyd olundu ki, cəmi 42 il ömür sürmüş bu elm fədaisi Azərbaycan fəlsəfə elminin ittifaq miqyasında tanınmasında böyük xidmətlər göstərmiş, SSRİ-də mötəbər elmi nəşrlərdən sayılan “Voprosı filosofii” jurnalının əsasını qoyanlardan biri olmuşdur. Natiqlər fəlsəfə və ictimai elmlər sahəsində qarşıda duran vəzifələrdən də danışdılar, bu elmlərin orta və ali məktəblərdə tədrisinin təkmilləşdirilməsinin vacibliyini vurğuladılar.
Daha sonra “Fəlsəfə və ictimai-siyasi elmlər” jurnalının strukturu müəyyənləşdirildi və redaksiya heyəti seçildi. Jurnalın baş redaktoru seçilən Ramiz Mehdiyev bu elmi nəşrin fəaliyyətinə təkcə filosofların deyil, habelə politoloqların və tarixçilərin də cəlb olunacağını, habelə fəlsəfə elmi sahəsində gənc mütəxəssislərin yetişdirilməsi məsələsinə diqqətin artırılacağını söylədi.
Çıxışlarda belə bir yekdil rəy səsləndi ki, son illər Prezident Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycan elminin inkişafına dövlət qayğısı daha da artırılmış, fəlsəfə və ictimai-siyasi elmlər sahəsində böyük canlanma yaranmışdır.
Konfransda fəlsəfəyə dair nəşrlərlə bağlı, habelə görkəmli filosoflar Karl Yaspersin 120 və T.Parsonsun 100 illik yubileylərinin keçirilməsi haqqında məsələlər də müzakirə olundu, tədqiqatçı alim Yusif Rüstəmovun “Mövlanə Cəlaləddin Ruminin sufilik fəlsəfəsi” kitabının təqdimat mərasimi keçirildi.
Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov konfransda iştirak edirdi.