SİYASƏT
FANA-nın baş katibi: AZƏRTAC-ın beynəlxalq media qurumlarında fəaliyyəti yüksək qiymətə layiqdir VİDEO
Bakı, 28 fevral, AZƏRTAC
Ərəb Xəbər Agentlikləri Federasiyası (FANA) AZƏRTAC-ın beynəlxalq informasiya təşkilatlarında fəaliyyətini yüksək qiymətləndirir.
Bu sözləri AZƏRTAC-ın baş direktoru Aslan Aslanovla görüşdə FANA-nın baş katibi Fərid Əyyar deyib.
Martın 2-də Bakıda keçiriləcək Dünya Xəbər Agentlikləri Konqresi Şurasının 3-cü iclasında iştirak etmək üçün Azərbaycana gələn baş katib AZƏRTAC-ın həm ikitərəfli, həm də xəbər alyansları çərçivəsində qurduğu əlaqələrin digər informasiya agentlikləri üçün bir nümunə və tərəfdaşlıq modeli olduğunu vurğulayıb. F.Əyyar qeyd edib ki, FANA 2016-cı ildə Bakıda Dünya Xəbər Agentliklərinin 5-ci Konqresinin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi dəstəyi göstərəcək. O, AZƏRTAC-ın bu tədbiri uğurla təşkil edəcəyinə əminliyini bildirib.
Baş direktor Aslan Aslanov qeyd edib ki, AZƏRTAC ərəb ölkələri agentliklərinin beynəlxalq media qurumlarında ona olan dəstəyini yüksək dəyərləndirir. FANA nəinki ərəb ölkələrində, həmçinin ən nüfuzlu dünya xəbər alyanslarında təqdirəlayiq fəaliyyət nümayiş etdirir. AZƏRTAC Küveytin KUNA, Qətərin QNA, Birləşmiş Ərəb Əmirliklərinin WAM agentlikləri ilə əməkdaşlıq edir. Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edən Səudiyyə Ərəbistanı Krallığının SPA agentliyi ilə sıx əlaqələr mövcuddur.
Görüşdə Konqres Şurasının 3-cü iclasında müzakirə ediləcək bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.