CƏMİYYƏT
FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində iki yeni layihənin təqdimatı olub
Bakı, 16 may, AZƏRTAC
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən icra ediləcək Aqrar Xidmətlər Agentliyinin Struktur İslahatı və Strateji İnkişafına Dəstək və Aqrar Xidmətlər Agentliyinin nəzdində toxum və Aqrokimyəvi Laboratoriyaları və Sertifikasiya Xidmətlərinin Təkmilləşdirilməsi layihələrinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd aqrar xidmətlərin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələr haqqında ümumi məlumatların təqdim edilməsi və bu istiqamətdə müzakirələrin aparılmasıdır. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin və Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi, bir sıra dövlət qurumlarının, beynəlxalq təşkilatların, eləcə də FAO-nun yüksək səviyyəli əməkdaşları iştirak ediblər. Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev tədbir iştirakçılarını salamlayaraq FAO ilə Kənd Təsərrüfatı Nazirliyi arasında uğurlu əməkdaşlıq əlaqələri, həyata keçirilən struktur islahatları, yeni yaradılan struktur bölmələri barədə ətraflı məlumat verib.
O, hər iki layihənin əhəmiyyətindən danışaraq qeyd edib ki, layihələrin həyata keçirilməsi göstərilən xidmətlərdəki çatışmazlıqların müəyyənləşdirilməsinə və həmin sahələrdə inkişaf strategiyası hazırlanmasına, qanunvericilik bazasının təkmilləşdirilməsinə, kadr potensialının inkişaf etməsinə töhfə verəcək. Eyni zamanda layihələr çərçivəsində İSTA standartlarına və sxemlərinə uyğun olaraq beynəlxalq akkreditasiya almaq Mərkəzi laboratoriyanın hazırlanması prosesi dəstəklənəcək, onlayn konsaltinq sistemi, eləcə də torpaq xəritələri və milli torpaq məlumat sistemi yaradılacaq, laboratoriyalar ehtiyaclara əsasən müasir avadanlıqlarla təmin olunacaq.
Tədbirdə FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak FAO ilə uğurlu əməkdaşlıqdan danışaraq həyata keçiriləcək layihələrin kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcəyini bildirib. Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev FAO tərəfindən həyata keçirilən layihələrin əhəmiyyəti barədə ətraflı məlumat verib və bundan sonra da FAO ilə əməkdaşlığın davam edəcəyini diqqətə çatdırıb.
Sonda Mirzə Əliyev hər iki layihənin Aqrar Xidmətlər Agentliyinin strukturunun təkmilləşdirilməsinə, eləcə də aqrar sahənin inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.