CƏMİYYƏT
FAO Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına fərdi sərmayədarların cəlb olunmasını təklif edir
Bakı, 16 may, AZƏRTAC
Aclığın və keyfiyyətsiz qidalanmanın aradan qaldırılması və dayanıqlı inkişafa nail olunması iqtisadi artımın stimullaşdırılması üçün qlobal tərəfdaşlıqların və davamlı investisiyaların möhkəmləndirilməsini tələb edir. AZƏRTAC FAO-nun saytına istinadla xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktorunun proqramlar üzrə müavini Daniel Qustafson Romada inkişaf məqsədlərinə həsr olunmuş Beynəlxalq Əməkdaşlıq Yarmarkasının açılış mərasimində söyləyib.
O bildirib ki, dayanıqlı inkişaf sahəsində Məqsədlərin (DİM) əldə olunması hazırda sərəncamımızda olanlardan daha çox resurs tələb edir. Lakin daha dayanıqlı ərzaq sistemlərinə keçid də qazanclı investisiyalar nöqteyi-nəzərindən böyük imkanlar vəd edir. Builki tədbir iş yerlərinin yaradılmasına və dayanıqlı inkişaf üçün innovasiyalara həsr olunub.
D.Qustafson vurğulayıb: “Ölkələr yoxsulluğun azaldılmasının vacib şərti kimi, iqtisadi artımı stimullaşdırmaq üçün dövlətdən və fərdi sahibkarlardan davamlı investisiyalar formasında əlavə maliyyələşdirmə cəlb etməlidirlər. Bu, 2030-cu ilədək dövr ərzində dayanıqlı inkişaf sahəsində milli hökumətləri, beynəlxalq birliyi, vətəndaş cəmiyyətini və özəl sektoru birləşdirən gündəliyin iddialı məqsədlərinə nail olunması üçün qlobal tərəfdaşlığı möhkəmləndirməyə çağıran beynəlxalq birliyin Dayanıqlı İnkişafın 17 Məqsədi ilə bağlı qəbul etdiyi öhdəlikləri qüvvətləndirir.
D.Qustafson bildirib ki, ərzaq zəncirinin bütün seqmentlərində innovasiyalar zəruridir. İstehsalçıdan tutmuş son istehlakçıya qədər dəyər yaradılmasının tam zənciri nəzərdən keçirilsə, ərzaq sistemində innovasiyalara investisiyaların yatırılması iş yerlərinin yaradılması zamanı öz xərcini çox yaxşı çıxara bilər və bu da heç də az əhəmiyyətli deyildir.
Onun sözlərinə görə, 2030-cu il üçün ərzaqla bağlı Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşmasında biznes imkanları əlavə dəyər zənciri nəzərə alınmaqla, pul ekvivalentində 2,3 trilyon ABŞ dolları təşkil edə bilər.
Bax buna görə də FAO dayanıqlı inkişaf məqsədlərinə nail olmağa kömək edən investisiyaların stimullaşdırılması üçün əlverişli şəraitin yaradılmasını dəstəkləyir.