CƏMİYYƏT


FAO: Dünyanın qida ilə təmin olunması üçün həm daha çox ərzaq istehsal etmək, həm də bu ərzağı qənaətlə işlətmək lazımdır

Bakı, 30 sentyabr, AZƏRTAC

İstehsalın müxtəlif mərhələlərində - fermalardan mağaza piştaxtalarınadək gələn yolda qida məhsullarının təqribən 14 faizi itirilir. İstehlakçıya çatan ərzaqların 17 faizi isə yekunda zibil qutusuna atılır. Beynəlxalq ərzaq itkiləri və qida tullantıları barədə məlumatların yayılması günündə FAO-da qida məhsullarına qənaətlə işlətməyin vacibliyini xatırladırlar.

AZƏRTAC xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesablamalarına görə, bütün dünyada 3,1 milyard insanın yaxşı qidalanmaq imkanı yoxdur, daha 828 milyon nəfər aclıqdan əziyyət çəkir. Bununla yanaşı, hər il təqribən 1 milyard ton qida tullantısı zibil qutularına atılır. Ərzaq məhsullarının itkisinin və korlanmasının payına dünyada parnik qazlarının tullantılarının ümumi həcminin təxminən 10 faizi düşür.

Alimlər qeyd edirlər ki, parnik effektini əmələ gətirən iqlim dəyişmələri, öz növbəsində quraqlıq və daşqınlar kimi ekstremal hava hadisələrini süni surətdə törədir. Nəticədə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı azalır, onların doyurucu dəyəri aşağı düşür, məhsul ötürən zəncirdə fasilələr yaranır, ərzaq təhlükəsizliyi və qidanın keyfiyyəti təhlükə ilə üzləşir.

Planetin daim artan əhalisinin tələbatını ödəmək üçün daha çox ərzaq istehsal etmək, eyni zamanda, ərzaqların itkisi və korlanmasının dayanıqlı şəkildə azaldılmasına nail olmaq lazımdır.

BMT-nin Ətraf Mühit Proqramında (UNEP) diqqət yetiriblər ki, mehmanxana və restoranlarda “İsveç masa”larından sonra daha çox tullantı əmələ gəlir. Statistikaya görə, iqtisadiyyatında turizm və mehmanxana biznesinin mühüm rol oynadığı bir sıra ölkələrdə qidanın 34 faizi tullanır. Bu səbəbdən zibil qutusuna atılan ərzaqların həcminin azaldılması üzrə layihədə iştirak edən Birləşmiş Ərəb Əmirliklərinin 20-dən çox hotel və kurortlarının təşəbbüsünü UNEP-də xüsusi alqışlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.