CƏMİYYƏT


FAO: Heyvan və bitki növlərinin sürətlə yoxa çıxması gələcəkdə ərzaq qıtlığına gətirib çıxaracaq

Bakı, 23 fevral, AZƏRTAC

Son illər biomüxtəlifliyin görünməmiş sürətlə itirilməsi müşahidə olunur. Bu da biosferin Yerdə həyatı dəstəkləmək qabiliyyətini ciddi sarsıdır. Bitki və heyvan növlərinin çoxu yoxa çıxmaq həddindədir. Bu da gələcəkdə ərzaq qıtlığına, əhalinin sağlamlığının, planetin durumunun pisləşməsinə gətirib çıxara bilər. AZƏRTAC xəbər verir ki, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni məruzəsində belə deyilir.

FAO-nun biomüxtəlifliyin durumuna və onun kənd təsərrüfatı, ərzaq sahəsində vəziyyətlə əlaqəsinə həsr olunmuş məruzəsində bildirilir ki, ərzaq zəncirində mühüm rol oynayan bir çox nadir heyvan, bitki növləri və digər orqanizmlər son onilliklər ərzində yoxa çıxıb.

Heyvanlar, ağaclar və bitkilər bir yana qalsın, hətta parabüzən və soxulcanlar, suyu, havanı və torpağı təmizləyən, məhsulu ziyanvericilərdən qoruyan mikroorqanizmlər də ərzaq zəncirində çox mühüm rol oynayır.

İqlim dəyişmələri, məskunlaşma yerlərinin itirilməsi, təbii sərvətlərin hədsiz istismar olunması, brakonyerlik və qanunsuz ticarət onların itirilməsinin əsas səbəbləridir.

FAO-nun baş direktoru Joze Qratsianu da Silva deyib: “Biomüxtəliflik bütün dünyada ərzaq sabitliyinin dəstəklənməsi işində, rasional qidanın təmin edilməsində, kənd sakinlərinin həyat keyfiyyətinin yaxşılaşmasında, insanların rifahının yüksəlməsində həlledici rol oynayır”

Məruzədə deyilir ki, 2000-2018-ci illər dövründə təqribən 150 cinsdən olan qaramalın nəsli kəsilib. Bütövlükdə dünya heyvandarlığı əhalini ət, süd və yumurta ilə təmin edən 40 növ heyvan üzərində qurulub. Bəzi rayonlarda flora müxtəlifliyi azalır. Təqribən 6 min yeməli bitki növündən 200-dən azı ərzaq istehsalı üçün fəal istifadə olunur.

Ekspertlər balıq ehtiyatlarının tükənməsi, tozlandırıcıların, torpaq orqanizmlərinin və vəhşi təbiətin təqdim etdiyi qida məhsullarının çoxunun itirilməsi barədə həyəcan təbili çalır.

FAO-nun başçısı deyib: “Biomüxtəlifliyin azalması ona gətirib çıxarır ki, bitki və heyvanlar getdikcə daha tez-tez ziyanverici və xəstəliklərin qurbanına çevrilir”. Onun sözlərinə görə, biomüxtəlifliyin itirilməsi həm də insanların qidalanmaq üçün getdikcə daha az heyvan və bitki növlərindən istifadə etməsi ilə bağlıdır. Məsələn, cəmi üç bitki – qarğıdalı, buğda və düyü zülal və kalorilərin gündəlik istehlak normasının təqribən 60 faizini təmin edir.

Məruzə müəllifləri biomüxtəlifliyin neqativ faktorlardan mühafizəsi və onun dayanıqlı istifadəsi istiqamətində təcili tədbirlər görməyə çağırırlar. FAO-nun yeni məruzəsi 91 ölkənin təqdim etdiyi informasiya əsasında hazırlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.