CƏMİYYƏT
FAO: Təhlükəli ərzaq məhsullarından istifadə nəticəsində hər gün 1,5 milyondan çox insan xəstələnir

Bakı, 7 iyun, AZƏRTAC
Təhlükəli ərzaq məhsullarından istifadə nəticəsində hər gün 1 600 000 nəfər xəstələnir. Hər gün aradan qaldırılması mümkün olan qida mənşəli xəstəliklər nəticəsində 5 yaşınadək 340 uşaq həyatla vidalaşır.
AZƏRTAC xəbər verir ki, bu məlumatı hər il iyunun 7-də qeyd olunan Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında (FAO) səsləndiriblər.
Günün mövzusu qida standartlarıdır. Belə ki, FAO-da qida məhsullarının təhlükəsizliyi və keyfiyyətinin təminatı işində qida standartlarının rolunu vurğulamaq qərarına gəlinib.
Bütün dünyada milyonlarla insan ərzaqların istehsalı prosesində təhlükəsizlik tələblərinə riayət olunmaya zəmanət verməkdən ötrü səy göstərir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və FAO qlobal ekspert qruplarına rəhbərlik edir və bütün dünyada istehlakçıların sağlamlığının müdafiəsini təmin etməkdən ötrü bu sahədə beynəlxalq standartların işlənib hazırlanması və yenilənməsinə kömək üçün elmi-texniki ekspert dəstəyi göstərirlər.
Qida standartları ərzaqların istehsalı və saxlanmasının bütün mərhələlərində vacibdir və nizamlayan orqanlar, istehsalçılar və tədarükçülər bu standartlara riayət olunmasında əsas rol oynayır.
FAO və ÜST onu da vurğulayırlar ki, istehlakçılar risk amilləri barədə zəruri məlumatı almaqla, evdə keyfiyyətli qidalanmaya və ərzaq məhsullarından təhlükəsiz istifadə standartlarına üstünlük verməklə özləri də öz sağlamlıqlarının qeydinə qala bilərlər.
ÜST mütəxəssisləri istehlakçılar üçün təhlükəsiz qidalanmanın 5 prinsipini işləyib hazırlayıblar. Bu, təmizliyə riayət, o cümlədən əllərin yuyulması, mətbəx səthinin dezinfeksiyası və mətbəxin həşərat və gəmiricilərdən qorunması, hazır olan və olmayan ərzaqları ayrılıqda saxlamaq, ət, quş əti, yumurta, balıq və dəniz məhsullarını zəruri istiliklə emal etmək və təmiz sudan istifadə deməkdir.
1963-cü ildə FAO və ÜST “Alimentarius Məcəlləsi”ni - beynəlxalq birlik tərəfindən qəbul edilən ərzaq məhsullarının təhlükəsizliyi sahəsində daim yenilənən standartları işləyib hazırlayıblar.
Məcəllənin yeni standartlarla zənginləşməsi üçün eyniadlı komissiya yaradılıb. Hazırda bu komissiya konservləşdirilmiş meyvə kokteylindən tutmuş manqo çatnisinədək (qatı sous) ən müxtəlif məhsullara aid geniş standartlar bazasını işləyib hazırlayıb. Hər bir məhsulun keyfiyyəti bir sıra xüsusi tələbatlarla nizama salınır. Lakin bununla yanaşı, bütün ərzaqlar üçün ümumi gigiyena prinsiplərinə riayət olunmalıdır.
Məcəllənin standartları xüsusilə heyvanlar üçün yem, kənd təsərrüfatında pestisidlərdən istifadə, mikrobəleyhinə preparatlara və biotexnologiyaya, o cümlədən geni dəyişdirilmiş məhsullara dayanıqlıq kimi sahələrə yayılır.
Ərzaq sahəsində normativ qaydaya salmanın təminatı ilə Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məşğul olur. AQTA-nın nəzdində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunun vəzifələrinə aşağıdakılar aiddir: ərzaq məhsullarının təhlükəsizliyi sahəsində elmi bazanın işlənib hazırlanması, hüquqi və fiziki şəxslər üçün ərzaq məhsulları təhlükəsizliyinin göstəriciləri üzrə tədqiqat xidmətlərinin yerinə yetirilməsi, ərzaq məhsulları təhlükəsizliyi sahəsində elmi-texniki və praktiki məsləhət xidmətlərinin təqdim olunması və s.