İQTİSADİYYAT


FAO ərzaq itkisinin azaldılması təşəbbüsü ilə çıxış edib

Bakı, 21 sentyabr, AZƏRTAC

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ərzaq itkilərinin və ərzaq tullantılarının azaldılması təşəbbüsü ilə çıxış edib. AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, bu təşəbbüsün həyata keçirilməsi aclıq çəkən insanları yedirtməyə kömək edəcək.

Hazırda hər il dünyada istehsal edilən ərzağın təqribən 30 faizi itirilir və ya tullanır. FAO-nun bəyanatında deyilir: “Bir milyarda yaxın insanın aclıq çəkdiyi bir vaxtda bu, yolverilməz israfçılıqdır. Üstəlik, bu vəziyyət ərzaq istehsalında istifadə edilən əmək, enerji, torpaq , su ehtiyatlarının və digər resursların itkisinə gətirib çıxarır”.

FAO-nun yeni təşəbbüsü BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli tədbir zamanı irəli sürülüb. Tədbir iştirakçıları ərzaq itkisinin və ərzaq tullantılarının azaldılması məsələsinə xüsusi diqqət yetirərək vurğulayıblar ki, bu məsələnin həlli 17 bənddən ibarət Davamlı İnkişaf Hədəflərindən ikinci hədəfə nail olmağa – aclığın tamamilə ləğv edilməsinə şərait yaradacaq.

FAO-nun baş direktoru Joze Qrasianu da Silva deyib ki, ərzaq itkilərinin qarşısının alınması böyük iqtisadi əhəmiyyət kəsb edir. Aparılmış hesablamalara görə, ərzaq itkisinin və ərzaq tullantılarının azaldılması tədbirlərinə sərmayə qoyulan bir ABŞ dolları nəticə etibarilə 14 ABŞ dolları qədər qazanc gətirir.

FAO rəhbəri daha sonra deyib: “Ərzaq itkisinin qarşısının alınması layihələrinə sərmayə qoyulması həm də yoxsulluğa qarşı mübarizəyə sərmayə qoyulması deməkdir”. Belə layihələr sabit ərzaq sistemləri yaradılmasına kömək edir.

Hazırda dünyada aclıq çəkən insanların sayı təqribən 815 milyondur. Bu insanların əksəriyyəti inkişaf etməkdə olan ölkələrdə kənd yerlərində yaşayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.