İQTİSADİYYAT
FAO-nun dəstəyi ilə növbəti seminar keçirilib
Bakı, 4 iyul, AZƏRTAC
Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə həyata keçirilən “Torpaqların konsolidasiyası üzrə Milli Strategiyanın hazırlanmasına dəstək və Torpaqların konsolidasiyası üzrə pilot layihə” çərçivəsində torpaqların konsolidasiyasına dair qanun layihəsinin, strategiyanın və Dövlət Proqramının hazırlanması üzrə növbəti seminar keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, seminarı giriş sözü ilə açan Nazirliyin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev layihə çərçivəsində pilot rayon kimi seçilmiş Salyanın Şorsulu kəndində görülmüş işlərlə bağlı məlumat verib.
F.Tağıyev diqqətə çatdırıb ki, layihə torpaqların konsolidasiyası üzrə milli strategiyanın, qanun layihəsinin, eləcə də müvafiq Dövlət Proqramının hazırlanmasını özündə ehtiva edir. O, həmçinin layihə çərçivəsində bütün aidiyyəti qurumların sıx əməkdaşlıq etməsinin vacibliyini qeyd edib.
FAO-nun Azərbaycandakı Əlaqələndirmə və Tərəfdaşlıq Ofisinin proqramlar üzrə mütəxəssisi Kaan Başaran Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək layihənin uğurla davam etdiyini vurğulayıb.
FAO-nun Torpaq Mülkiyyəti üzrə əməkdaşı Morten Hartvigsen torpaqların konsolidasiyası layihəsinin hazırkı icra vəziyyəti ilə bağlı təqdimatla çıxış edib.
Tədbirdə beynəlxalq hüquqi məsələlər üzrə məsləhətçi Tomas Versinskas və Hüquq üzrə Milli Məsləhətçi Samir İsayev tərəfindən layihə ilə bağlı beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmış torpaqların konsolidasiyasına dair qanun layihəsinin təqdimatı keçirilib. Torpaqların konsolidasiyasının fermerlərə faydalarına dair təqdimatdan sonra fermerləri maraqlandıran suallar cavablandırılıb. Sonda layihə ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Seminarda Kənd Təsərrüfatı Nazirliyinin, Milli Məclisin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin nümayəndələri, Kənd Qadınları Assosiasiyasının sədri, yerli və xarici ekspertlər iştirak ediblər.