ELM VƏ TƏHSİL
FAO-nun eksperti Milli Genbankda toxumların saxlanma texnologiyası ilə maraqlanıb
Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkpərov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Bitki Genetik Ehtiyatları və Toxumçuluq, Bitki Məhsulları və Mühafizəsi Bölməsinin mütəxəssisi Vilson Huqo ilə görüşüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, qonaq Kənd Təsərrüfatı Nazirliyi ilə FAO-nun birgə həyata keçirdiyi “Azərbaycanda toxum sektorunun inkişafına dəstək” TCP/AZE/3503 texniki yardım layihəsi çərçivəsində ölkəmizə səfər edib.
FAO-nun eksperti görüşdə Genetik Ehtiyatlar İnstitutunun fəaliyyət istiqamətləri və Milli Genbankda toxumların saxlanma texnologiyası haqqında məlumatlandırılıb.
Daha sonra institutda yerləşən Milli Genbank və laboratoriyalardakı iş prosesi qonağa əyani olaraq göstərilib.