CƏMİYYƏT


FAO-nun seminarında Avrasiyada kənd miqrasiyasının köklü səbəbləri nəzərdən keçirilib

Bakı, 14 noyabr, AZƏRTAC 

Budapeştdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təşkilatçılığı ilə Avropa və Mərkəzi Asiyada kənd miqrasiyasına həsr olunmuş regional seminar keçirilib. Bu məsələ dayanıqlı inkişaf hədəfləri çərçivəsində təşkilatın qarşısında duran əsas vəzifələrdən biri hesab olunur.

FAO-nun AZƏRTAC-a daxil olmuş mətbuat açıqlamasında qeyd olunub ki, Avropa və Mərkəzi Asiyanın bir çox ölkələrində kənd icmalarının insanları saxlamaq və cəlb etmək imkanları kəskin surətdə aşağı düşüb. Hərçənd bunun köklü səbəbləri müxtəlif ola bilər. Kənd yerlərindən miqrasiya artıq bu rayonların inkişafına ciddi təsir edən tendensiyaya çevrilib.

Hökumət nümayəndələrinin, vətəndaş cəmiyyətlərinin və inkişaf üzrə beynəlxalq tərəfdaşların iştirakı ilə miqrasiyanın artım səbəbləri, xüsusən onun kənd təsərrüfatı və inkişafla qarşılıqlı əlaqələri nəzərdən keçirilib. Bununla yanaşı, seminarın məqsədi kənd miqrasiyası ilə bağlı problemlərin həlli istiqamətində regionda irəli sürülən təşəbbüslərin həyata keçirilməsinin təbliğidir.

Təşkilatın baş direktorunun müavini və Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Vladimir Raxmanin çıxışında deyib: “Miqrasiya və kənd rayonlarının inkişafı arasında qarşılıqlı əlaqə mövcuddur. FAO kənd təsərrüfatının dayanıqlı inkişafını dəstəkləyir. Bunun üçün kənd rayonlarında yaşayan və işləyən insanların dayanıqlı şəraitdə fəaliyyət göstərməsi üçün tədbirlər görülməlidir. Eyni zamanda, miqrantların gəlir mənbəyi olacaq xeyli sərmayə qoyulmalıdır”.

Raxmanin əlavə edib ki, FAO Avropa və Mərkəzi Asiya regionunda təcrübə mübadiləsinin həyata keçirilməsi və ən yaxşı metodların tətbiqində maraqlıdır.

FAO-nun regional proqramlar üzrə əlaqələndiricisi Raymund Yele qeyd edib ki, Avropa və Mərkəzi Asiyada kənd miqrasiyasının artmasının tarixi kökləri ilə yanaşı, digər amillər, məsələn, Mərkəzi Asiyadan əmək miqrasiyası, habelə bu regionda urbanizasiya meyilləri də göstərilir. Bununla yanaşı, bu cür vəziyyət sosial, iqtisadi və ekoloji sahələrdə yaxın onilliklər ərzində özünü göstərəcək fundamental sistemli problemlərin əks olunmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.