CƏMİYYƏT


Qoyunçuluq sektorunun inkişafı üzrə maraqlı tərəflərin iştirakı ilə seminar keçirilib

Bakı, 18 iyul, AZƏRTAC

Ölkəmizdə 8,3 milyon baş xırdabuynuzlu heyvan var və onun 7,6 milyonunu qoyunlar təşkil edir. Onların bəslənilməsi üçün respublikamızda 2,3 milyon hektar örüş sahələri var. 2017-ci ildə Azərbaycanda 79 min ton ət istehsal edilib və bu, dünya üzrə 28-ci göstəricidir. Son illər ən çox qoyun idxalı 2016-cı ilin payına düşüb və həmin il 67 min qoyun alınıb. İstər qoyunların sayında, istərsə də kəsilmiş qoyun ətinin miqdarına görə xeyli artım olsa da, istehsalın daha yüksək səviyyəyə çatdırılması, eləcə də pendir və yağ istehsalının artırılması sahəsində mövcud potensialdan heç də tam istifadə edilmir.

AZƏRTAC xəbər verir ki, iyulun 18-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Dövlət Agentliyi ilə birgə qoyunçuluq sektorunun inkişafı üzrə maraqlı tərəflərin məsləhətləşmə seminarında bu barədə danışılıb.

Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, digər dövlət müəssisələri, assosiasiyalar, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri, fermerlər, həmçinin FAO-nun beynəlxalq mütəxəssislərinin iştirakı ilə keçirilən seminarın əsas məqsədi qoyunçuluğun dəyər zənciri iştirakçılarını fəal şəkildə cəlb etməklə onun bütün pillələrindəki məsələləri müzakirə etmək, bu sahədəki imkanları və məhdudiyyətləri ətraflı şəkildə başa düşmək və çoxşaxəli inkişafına şərait yaratmaq məqsədi daşıyır. Seminarda FAO-nun Dəyər Zənciri üzrə beynəlxalq məsləhətçisi Mita Puncabi Azərbaycanda qoyunçuluq sahəsi üzrə aparılan təhlilin nəticələri barədə iştirakçılara məlumat verib.

Qeyd edək ki, tədbir Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən və FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində ötən ilin dekabrından icra olunan “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması” layihəsi çərçivəsində təşkil olunub. Layihə çoxaltma və yemləmə strategiyalarının hazırlanması, heyvan sağlamlığı və transsərhəd xəstəliklərin idarəsi sahəsində mövcud olan çətinlikləri həll etmək, məhsulun bazar tələbatına əsasən hazırlanmasını təmin etmək üçün qoyunçuluq üzrə dəyər zəncirinin fəaliyyətini dayanıqlı şəkildə inkişaf etdirmək məqsədini daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.