SİYASƏT
FƏXRİ XİYABAN CÜMƏ AXŞAMI GÜNÜ DAHA İZDİHAMLI İDİ
PREZİDENT HEYDƏR ƏLİYEVƏ EHTİRAMINI BİLDİRMƏK ÜÇÜN GƏLƏNLƏRİN SAYI-HESABI BİLİNMİRDİ
AZƏRTAC-ın müxbiri onlardan bir neçəsi ilə görüşüb ürək sözlərini söyləməyi xahiş etmişdir.
HACI SƏBUHİ İBRAHİMOV (Culfa şəhər Sahib-əz Zaman məscidinin Axundu): “Rayonumuzun dindarları və el ağsaqqalları adından Heydər Əliyevin ruhu qarşısında baş əymək, məzarını ziyarət etmək, ona Quran oxumaq üçün Naxçıvandan buraya gəlməyi özümə mənəvi borc bilmişəm. Allah ruhunu şad eləsin. O, həmişə bizim qəlbimizdə yaşayacaq. Gələcək nəsil də onu yaddaşında əbədi yaşadacaq. Allah rəhmət eləsin”.
SÜLEYMAN SALMANOV (Ağcabədi rayonunun Qaradolaq kəndi): “Ailəlikcə Heydər Əliyevə minnətdarıq. Azərbaycana onun qədər xidmət etmiş ikinci dövlət xadimi tanımırıq. Respublikaya rəhbərlik etdiyi 70-ci illərdə Azərbaycanı SSRİ-də, 1993-cü ildə hakimiyyətə qayıdandan sonra isə beynəlxalq aləmdə tanıtmışdır. Rayonumuzda, kəndimizdə bütün sosial-məişət obyektləri, mədəni-maarif müəssisələri onun vaxtında tikilmişdir, nəyə nail olmuşuqsa onun sayəsində nail olmuşuq. Allah onun qəbrini nurla doldursun. Xalqımızın xeyrinə çox işlər görməli idi. İnanırıq ki, Heydər Əliyev ocağının yetirməsi, Prezidentimiz İlham Əliyev müdrik atasının qoyduğu yolla gedəcək, onun yarımçıq işlərini tamamlayacaq, xalqımızın rifahı, dövlətçiliyimizin möhkəmləndirilməsi naminə bacarığını əsirgəməyəcəkdir”.
MİRƏLİ MÖVSÜMOV (Azərbaycan Beynəlxalq Universitetinin metodisti): “Tələbələrimizlə birlikdə əbədi Prezidentimizin ziyarətinə gəlmişik. Onun ölkəmiz, xalqımız, türk dünyası qarşısında xidmətləri unudulmazdır. Dünya şöhrətli rəhbərimiz Azərbaycan dövlətçiliyini möhkəmləndirmək, iqtisadiyyatımızı inkişaf etdirmək üçün canını belə əsirgəmədi. Təsadüfi deyildir ki, “Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram” deyirdi. Onun gördüyü işlər göz qabağındadır. Universitetimizdə Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi istiqamətində təsirli tədbirlər görülür. Tez-tez elmi-praktik konfranslar keçirilir, tələbələr müvafiq guşədə qoyulmuş ədəbiyyatlardan müdrik siyasətçinin fəaliyyətini öyrənirlər. Allah rəhmət eləsin”.
XANOĞLAN QƏNBƏROV (Bakı şəhərindəki 14 nömrəli uşaq poliklinikasının baş həkimi): “Bu gün cümə axşamı günüdür. Hər bir azərbaycanlının müqəddəs borcudur ki, xalqımızın böyük oğlu Prezident Heydər Əliyevin ruhu qarşısında baş əyib ona öz ehtiramını bildirmək üçün buraya gəlsin. Bu gün mən də mənəvi borcumu yerinə yetirib dünya şöhrətli dövlət xadiminin məzarını ziyarətə gəlmişəm. Allah ona qəni-qəni rəhmət eləsin. Azərbaycanımız, xalqımız üçün gördüyü işləri təsvir etməkdən ötrü minlərlə kitab yazılmalıdır.
Hələ nə qədər işlər görəcəkdi! İnanıram ki, onun niyyətlərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev reallaşdıracaqdır. İnamımın əsası var. Mən həkiməm. İnsanın formalaşması üçün xarici və digər amillərlə yanaşı, həlledici rola malik gen amili də vardır. İlham Əliyev yüksək intellektual qabiliyyətə malik dövlət xadimidir. Ona görə də tam əminəm ki, Prezidentimiz atasının - türk dünyasının böyük oğlu Heydər Əliyevin layiqli varisi olacaq, onun arzularını həyata keçirmək üçün bütün imkanlardan istifadə edəcəkdir. Bundan ötrü hamımız sıx birləşməli, İlham Əliyevin arxasında möhkəm dayanmalıyıq”.