SİYASƏT
“FAYNƏNŞL TAYMS” QƏZETİ XƏZƏRDƏ BAŞ VERMİŞ HADİSƏ BARƏDƏ
Böyük Britaniyanın nüfuzlu “Faynənşl Tayms” qəzetinin 13 avqust tarixli nömrəsində “İrana nota verilmişdir” sərlövhəli məqalə dərc olunmuşdur. Məqalədə deyilir:
İranın Ankaradakı səfiri Hüseyn Ləvəsaniyə şifahi nota verilmişdir: “Əgər Azərbaycana toxunsanız, bizimlə üzləşməli olacaqsınız”. Nota İran hökumətinin Xəzər dənizinin Azərbaycana aid hissəsindəki neft yataqlarına göz dikməsi ilə bağlı verilmişdir. Tehran Azərbaycanın 9 milyard dollarlıq ikinci böyük neft və qaz yatağı “Araz-Alov-Şərq” strukturunun İrana məxsus olmasını iddia edərək, öz hərbi təyyarələrini Azərbaycan gəmilərinin tədqiqat apardığı əraziyə göndərmişdir. Bu, Türkiyənin güclü reaksiyasına səbəb olmuşdur. Ankara İran səfirinə bildirmişdir ki, bu məsələdə o, Azərbaycanın tərəfindədir. Birləşmiş Millətlər Təşkilatının ğüc tətbiq etməmək prinsipi səfirin nəzərinə çatdırılmışdır. Ankara vurğulamışdır ki, gərginlik, vəziyyəti birtərəfli qiymətləndirməkdən yaranmışdır. Ankara həmçinin bildirmişdir ki, Xəzərin statusu hələ müəyyən olunmamışdır.
Diplomatik dairələr Ankaranın mövqeyini belə səciyyələndirmişlər: Ankara deyir: “Əgər İran Azərbaycana hücum edərsə, o, birbaşa Türkiyə ilə üzləşməli olacaq. Türkiyə imkan verməz ki, İran Azərbaycana qarşı Səddamın Küveytə qarşı etdiyini etsin”.
İranın Azərbaycan gəmilərini hərbi qüvvə vasitəsilə regiondan uzaqlaşdırmaq cəhdləri Azərbaycanın özündə də güclü reaksiyaya səbəb olmuşdur. Hadisələrin bu cür inkişafına etiraz əlaməti olaraq, Bakıdakı İran səfirliyi qarşısına izdiham toplaşmışdı.
ABŞ və İsrail hadisələri yaxından izləyir. Əslində, bu vəziyyət İsrailin baş naziri Ariel Şaronun bu yaxınlarda Ankaraya səfəri ilə eyni vaxta təsadüf etmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, Birləşmiş Ştatlar tərəddüd etmədən Azərbaycanın milli suverenliyini qorumaq naminə müdaxilə edəcəkdir. Xəbər verildiyi kimi, Türkiyə, İsrail və Birləşmiş Ştatlar Xəzər dənizindəki gərginliklə əlaqədar daim fikir mübadiləsi aparırlar. Ankarada olarkən baş nazir Bülənd Ecevitlə birgə mətbuat konfransında çıxış edən Ariel Şaron demişdir ki, İsrail Türkiyə ilə birgə keçmiş Sovet respublikalarından biri ilə sıx əməkdaşlıq mərhələsinə qədəm qoymaq üzərində düşünür. İndi məlum olur ki, o, Azərbaycanı nəzərdə tuturmuş.