İQTİSADİYYAT
“FAZA-3” LAYİHƏSİNİN BAŞA ÇATMASI İLDƏ 50 MİLYON TON NEFT HASİLATINA İMKAN YARADACAQDIR
bp-Azərbaycan şirkətindən AZƏRTAC-a bildirmişlər ki, Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin tammiqyaslı işlənilməsinin “Faza-3” layihəsi çərçivəsində tikinti-quraşdırma işləri sona çatır.
Bu layihə “Əsrin müqaviləsi”nin əhatə etdiyi “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının tammiqyaslı işlənilməsinin sonuncu mərhələsidir. Ümumi dəyəri 4,7 milyard dollar olan layihə ilə bağlı mühüm tədbirlər həyata keçirilmiş, ümumi işlərin təxminən 80 faizi uğurla yerinə yetirilmişdir. Həmin vəsaitin 3,2 milyard dolları obyektlərin tikintisi, qalan hissəsi isə hasilat və suvurma quyularının qazılması üçün nəzərdə tutulmuşdur.
Layihənin dəniz obyektlərinə suyun 175 metr dərinliyində yerləşən 48 quyu gövdəsinə malik qazma, texnoloji təchizat və yaşayış platforması, eləcə də ona körpü ilə birləşdiriləcək hasilat, kompressor, suvurma və texnoloji təchizat platforması daxildir. Hər iki platformanın “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsindən ilk neft əldə edilənədək istismara verilməsi nəzərdə tutulur.
Bundan əlavə, lay təzyiqini sabit saxlamaq və hasilatın sürətli artımına şərait yaratmaq məqsədi ilə ilk neftin əldə olunmasından əvvəl qazılacaq 10 suvurma quyusu üçün iki sualtı monifoldun quraşdırılması da layihə çərçivəsində planlaşdırılan əsas tikinti işlərindəndir.
“Faza-3” layihəsi çərçivəsində tikinti-quraşdırma işlərinin uğurla başa çatdırılması 2008-ci ilin ikinci rübündə “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində neft hasilatına başlamağa imkan verəcəkdir. Bununla da, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin tammiqyaslı işlənilmə layihəsi üzrə tikinti-quraşdırma işləri başa çatdırılacaq və “Əsrin müqaviləsi” çərçivəsində neft hasilatı maksimal səviyyəyə - ildə 50 milyon tona çatacaqdır.