İQTİSADİYYAT
FERMER TƏSƏRRÜFATLARININ TOXUM PROBLEMİ HƏLL EDİLƏCƏK
Gəncə Aqrar Elm Mərkəzində fermerləri yüksək kondisiyalı toxumla təmin etmək üçün hazırlanmış yeni layihəyə əsasən, 2008-ci ilədək respublikamızın qərb bölgəsində fəaliyyət göstərən bütün fermer təsərrüfatları istədikləri qədər keyfiyyətli toxumla təmin ediləcəklər.
Mərkəzin direktoru Ziyad Abbasov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, bölgədə hər il 60 min hektarda taxıl əkilir. Lakin hər hektardan əldə olunan aşağı məhsuldarlıq fermerlərin bu sahəyə olan marağını azaldır. Bu problemləri aradan qaldırmaq məqsədi ilə məhsuldar “Elit” toxumunun geniş yayılmasını qərara almışıq. Bunun üçün Samux, Tovuz, Şəmkir və Goranboy rayonlarının hər birində iki fermer təsərrüfatı ilə iş birliyi quraraq, onların əkin sahələrinə məhsuldar “Elit” toxumu səpmişik. Hazırda mütəxəssislərimiz həmin sahələrə ciddi nəzarət edirlər. Gələn il əldə olunacaq toxum digər bölgələrə də yayılacaqdır. Beləliklə, 3 il müddətində bölgənin fermerləri yüksək keyfiyyətli taxıl toxumu ilə təmin ediləcəklər.