SİYASƏT
FESEI-nin direktoru: Azərbaycanın bütün vasitələrlə torpaqlarını müdafiə etmək və ərazi bütövlüyünü bərpa etmək hüququ var
Madrid, 23 iyul, AZƏRTAC
Dövlətlərin ərazi bütövlüyü prinsipi beynəlxalq hüququn, habelə mövcud dünya düzəninin əsas prinsiplərindən biridir. Beynəlxalq hüquqa əsasən, digər dövlətin ərazi bütövlüyünə qarşı təcavüz heç bir halda əsaslandırıla bilməz. Özünümüdafiə hüququ belə qabaqlayıcı addımların atılması məqsədilə təcavüzün həyata keçirməsinə icazə vermir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində İspaniyanın tanınmış Beynəlxalq və Strateji Araşdırmalar üzrə Fondunun (FESEI) direktoru Migel Alvares de Eulaten bildirib.
Ermənistanın Azərbaycana qarşı təcavüzünün beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa tam şəkildə zidd olduğunu söyləyən direktor deyib: “İspaniyanın Beynəlxalq və Strateji Araşdırmalar üzrə Fondu İspaniya Krallığı Hökumətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeyi birmənalı şəkildə dəstəkləyir. Bu mənada, Azərbaycanın münaqişə üzrə haqlı mövqeyinə dəstəyimizi ifadə edirik və münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq. Eyni zamanda, Azərbaycanın bütün vasitələrlə torpaqlarını müdafiə etmək və ərazi bütövlüyünü bərpa etmək hüququ var. Onu da bildirməliyəm ki, Ermənistanın atəşkəsi pozması və bu kimi digər əməlləri münaqişənin həlli prosesində Ermənistana olan etimadın tam şəkildə itirilməsinə gətirib çıxarır və səmərəli danışıqların aparılması prosesinə maneə yaradır”.
Ermənistanın təxribatları zamanı mülki şəxslərə, yaşayış obyektlərinə ağır artilleriyadan atəş açması ilə bağlı sualı cavablandıran Migel Alvares de Eulaten bildirib: “Beynəlxalq humanitar hüquq və ius in Bello qaydalarını (müharibə hüququ) özündə ehtiva edən beynəlxalq-hüquqi normalar, o cümlədən 1949-cu il tarixli müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair Cenevrə Konvensiyası (IV Konvensiya) və ona əlavə Protokollar müharibə zamanı mülki şəxslərin hədəf kimi seçilməsini birmənalı şəkildə qadağan edir, habelə mülki obyektlərin və mədəni mülkiyyətin mühafizə edilməsini tələb edir. Müharibə zamanı qeyri-adekvat üsullardan istifadə edilməsi beynəlxalq humanitar hüquq normalarının pozulması deməkdir. Ümumilikdə, beynəlxalq hüquq heç bir halda təcavüzdən istifadə edilməsinə bəraət qazandırmır. Dövlətlər arasında fikir ayrılıqları danışıqlar yolu ilə həll olunmalıdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələrində, eləcə də Avropa Parlamentinin sənədlərində də göstərildiyi kimi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini tapmalıdır. Bu mənada, ATƏT-in Minsk qrupu tərəfindən səylərin artırılması vacibdir”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid