SİYASƏT
FEVRALIN 26-DA BÜTÜN MƏKTƏBLƏRDƏ İLK DƏRS XOCALI SOYQIRIMINA HƏSR OLUNACAQDIR
Xocalı rayonunun fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrində, mədəni-maarif ocaqlarında, ümumtəhsil məktəblərində 11 il əvvəl baş vermiş faciənin ildönümü geniş qeyd olunacaqdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, fevralın 26-da Bakıda, Sumqayıtda, Şəkidə, Bərdədə, Goranboyda, Göyçayda, Gəncədə və digər yerlərdə xocalıların iştirakı ilə anma mərasimləri keçiriləcək, ehsanlar veriləcək, şəhidlərin ruhuna dualar oxunacaqdır.
Həmin gün ümumtəhsil məktəblərində ilk dərs Xocalı soyqırımına həsr olunacaq, fotosərgilər keçiriləcək, Xətai rayonunda və Naftalan şəhərində faciə qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklillər qoyulacaq, Şəhidlər xiyabanı ziyarət ediləcəkdir.
Dövlətqaçqınkom xətti ilə 392 şəhid ailəsinə maddi yardım göstəriləcəkdir. “Xocalının səsi” qəzeti faciənin ildönümünə xüsusi buraxılış həsr edəcəkdir.