İQTİSADİYYAT
FEVRAL AYINDA İSTEHLAK BAZARINDA ƏRZAQ MƏHSULLARI BAHALAŞMIŞ, QEYRİ-ƏRZAQ MƏHSULLARI İSƏ UCUZLAŞMIŞDIR
Azərbaycan Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, bu ilin fevral ayında ölkəmizdə istehlak mallarının qiymətləri yanvar ayı ilə müqayisədə 0,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,2 faiz, xidmət tarifləri 0,1 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri isə 0,1 faiz ucuzlaşmışdır.
Ay ərzində istehlak bazarında un 0,8 faiz, təzə balıq 0,4 faiz, quş əti 0,9 faiz, təzə süd 2,9 faiz, mal əti 0,5 faiz, kartof 2,0 faiz bahalaşmış, çörək 1,3 faiz, yumurta 9,3 faiz, qənd 1,3 faiz ucuzlaşmışdır.
Qeyri-ərzaq mallarından kişi üçün mövsümü paltonun qiyməti 3,8 faiz, təsərrüfat sabununun qiyməti 3,0 faiz, tikinti materiallarından taxta-şalbanın qiyməti 10,0 faiz, sementin qiyməti isə 12,2 faiz ucuzlaşmışdır.
Fevral ayında əhaliyə göstərilən pullu xidmətlərdən teatr biletinin qiyməti 6,3 faiz, təyyarə biletinin qiyməti isə 0,2 faiz bahalaşmışdır.